Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.
Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.
Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilib.
Azərbaycan XİN bununla bağlı dünən açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırılmağa çağırmışdı.
***
"Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub:
"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik".