Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında nazirliyin sözçüsü Mariya Zaxarova ilə Gürcüstanın “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze arasında söz çəkişməsi baş verib.

Belə ki, S.Lavrov ötən gün İsveçin paytaxtı Stokholmda ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edib, bir sıra görüşlər keçirib, danışıqlar aparıb, bir sözlə onun sıx qrafiki olub.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri günün sonunda kameralar qarşısına çıxıb, jurnalistlərin suallarını cavablandırıb.

Həmin media nümayəndələrindən bir də “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze olub. O, S.Lavrova sualı ingiliscə verməyə başlayıb. Bu zaman M.Zaxarova gürcü jurnalistin sözünü kəsərək ona rus dilində danışa bildiyini xatırladıb: “Tamara, zəhmət olmasa, rusca danışaq. Mətbuat konfransında rusiyalı jurnalistlər də iştirak edir”.

Eyni zamanda S.Lavrov T.Nutsubidzedən rusca danışmağın onun üçün çətin olub-olmadığını soruşub. Gürcü jurnalistin cavabı mənfi olub. Bu zaman S.Lavrov deyib: “Mən tərcümə edərəm”.

Nəticədə gürcü jurnalist rus dilinə keçməkdən təkidlə imtina edib və ingilis dilində Rusiyanın Gürcüstanın NATO-ya üzv olmaq istəyinə münasibətini soruşub/Report