Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ABŞ-a dəvət olunub. Bu barədə dünən məlumat əldə etmişik. Xəbərin doğru olub-olmadığını araşdırmaq üçün Arif Hacılının özü ilə danışdıq.

A.Hacılı xəbəri təsdiqlədi. Bildirdi ki, ABŞ-a əslində yanvar ayında dəvət olunub. Sadəcə yanvar ayında partiya tədbirlərinin sıxlığı və digər məsələlərə görə səfəri mart ayının sonuna təxirə salmalı olub: "Mart ayının sonunda ABŞ-a səfərim reallaşacaq. Əsasən Vaşinqton və Nyu-York şəhərlərində olmağı planlaşdırıram. Heç şübhəsiz ki, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə, o cümlədən, ABŞ-ın rəsmi dairələrinin nümayəndələri və orada yaşayan Azərbaycan diasporası ilə görüşlər keçirmək niyyətindəyəm”.

Nyu-Yorkda olarkən eks-spiker Rəsul Quliyevlə görüşüb-görüşməyəcəyinə gəlincə, A.Hacılı dedi ki, indidən bu barədə dəqiq bir söz deyə bilməz: "Mən son iki dəfə ABŞ-da olduğum müddətdə Rəsul Quliyev mənimlə görüşmək üçün təşəbbüs göstərməyib. Əgər belə bir təşəbbüs olsa, onunla görüşməkdən imtina etmərəm”.