Milliyyətçi Gənclər Hərəkatı İran Kubokunun qalibi olan Təbrizin "Traxtor" klubunun şərəfinə Sahil Bağında yürüş keçirib.  

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər bu aksiyaya müdaxilə ediblər. Nəticədə Milliyətçi Gənclər Hərəkatının İdarə Heyətinin üzvü İlkin Bozqurd polislər tərəfindən həbs olunaraq, 39-cu polis bölməsinə aparılıb.

Gənclərin əllərində olan plakatlar zorla alınıb. Gənclər buna kəskin şəkildə etirazlarını bildiriblər.

Polislər isə bu aksiyanın qeyri-qanuni olduğunu deyiblər. Maraqlı cəhət odur ki, polislər "Traxtor"un Təbrizin klubu deyil, İran klubu olduğunu vurğulayaraq, bu aksiya ilə gənclərin iğtişaş törətməyə cəhd göstərdiklərini bildiriblər.

Son məlumatlara görə, gənclər 39-cu polis bölməsinin qarşısında toplaşırlar. İlkin Bozqurd həbs olunarkən, bunun qanunsuzluq olduğunu bildirərək, polislərə etiraz edib. Həbs edilməzdən əvvəl isə gənc fəal "Traxtor"un bu qələbəsini Bütov Aəzrbaycanın qələbəsi kimi dəyərləndirib.