Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.
Mia.az-ın məlumatına görə, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.
Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib. 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.
8 ay ərzində işinə baxılanlardan yalınız 6.9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub. 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.
Məlumat üçün bildirək ki, ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.