“MEDİA tərəfindən çap mediası və onlayn media subyektləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu müsabiqələrin təşkil olunmasının məqsədi peşəkar jurnalistikanın formalaşmasına dəstək verməkdir. Müsabiqələr davamlı olacaq”.

Mia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələrdə bir sıra yeniliklər tətbiq olunub: “Media subyektlərinin özü tərəfindən bununla bağlı təkliflər almışdıq. Buna görə də qərara gəldik ki, MEDİA tərəfindən nəinki çap, həm də onlayn media subyektləri üçün də bu cür müsabiqələr keçirilsin. Çap mediası subyektlərinin dəstəklənməsi həm də qəzet redaksiyasının saytının da dəstəklənməsi idi. Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz ümumiyyətlə yenilik idi. Bu layihələrin həyata keçirilməsi məhz media subyektləri ilə görüşdə verilən təkliflər əsasında təşkil olundu. MEDİA tərəfindən ilk dəfə idman jurnalistikası subyektlərinə də dəstək layihəsi həyata keçirildi. Bu da idman jurnalistikası sahəsində çalışan həmkarlarımızla görüşdə onlar tərəfindən səslənən fikirlər əsasında keçirilib”/APA.

İsmayılov deyib ki, ayrılan maliyyə dəstəyinə nəzarət ediləcək: "Məqsədimiz media subyeklərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır”.

Onun sözlərinə görə, gələcəkdə maliyyə imkanı olarasa, say və məbləğ məsələsinə yenidən baxıla bilər: “Biz bunun iqtisadi və hüquqi tərəflərini araşdırmalıyıq. Dəstək layihəsi media subyektinin bütün ehtiyaclarını ödəmək üçün deyil. Dəstək layihələri heç də mütəmadi olmalı deyil”.

Mia.az