Xəbər verdiyimiz kimi, bu gün Medianın İnkişafı Agentliyi bir sıra qəzet və saytlara vəsait ayırıb.

Mia.az xəbər verir ki, siyahı ilə tanış olan jurnalistlərin bir qismi nəticələrə etiraz edib.

Məsələn, Publika.az saytının Baş redaktoru Aynur Camal sosial şəbəkədəki səhifəsində belə yazıb:

"Adını ilk dəfə eşitdiyim media qurumları ilə eyni siyahıda olmaq da bir ayrı bədbəxtlikdir. Hətta sözün bitdiyi yerdir. Kül SÖZÜN BAŞINA!.

Axar.az-ın Baş redaktoru Anar Niftəliyev də MEDİA rəhbərliyini sərt tənqid edib.

 "Siz medianı qanmayan, nə olduğunu bilməyən savadsızlar, Əli Həsənovun siyahısı ilə işləyən qeyri-peşəkar yəğıını, siz mənim dırnağımın tayı deyilsiniz. Siz medianı məhv edən ünsürsünüz. Hədəfiniz mənim adımdırsa, mən getdim...".

A.Nifətliyev daha sonra Prezidentə müraciət edəcəyini bəyan edib.

Xeber365.com saytının təsisçisi Gülşən Hacıyeva belə yazıb: "Medianın İnkişafı Agentliyinin (MEDİA) veb-saytlara maliyyə yardımı ilə bağlı müsabiqəsinin qalibləri ilə tanış oldum və bu saytlardan neçəsinin şərtlərə cavab verdiyini tapa bilmədim. O tələblərdən biri saytın gün ərzində 20 özəl xəbər, müsahibə, reportaj və digər materiallar yayması idi ki, ölkədə bu standartlarda sayt xatırlaya bilmədim. Bəlkə yanılıram, elə isə siz xatırladın.

Bu hakimiyyətin apardığı "uğurlu" mətbuat siyasəti nəticəsində ölkə mediasında özəl xəbər anlayışı ortadan qalxmaqdadır. Azərbaycan mediası "copy-past"dən ibarətdir. Bütün media orqanları bu prinsiplə işləməyə məhkum edilib, çərçivə qoyulub, oradan çıxmaq mümkün deyil. Rəsmi xəbərləri, press-relizləri, tezislər əsasında açıqlamaları yaymaqla mətbuatın işi bitmiş sayılır.

Mətbuatda islahatların olacağına dair ümidləri bir daha öldürdülər. Bir daha göstərdilər ki, sələflərinin çərçivəsindən çıxa bilmirlər, onların yanlışını daha pis formada davam etdirirlər.

Təəssüf, Əhməd müəllim...

Əli Həsənovun media siyasətini davam etdirdiyiniz üçün təəssüf...".

Jurnalis Azər Hüseynbala da MEDİA-ya etiraz edib: "Vüqar Səfərlinin KİVDF-sinin MEDİA ilə əvəzlənməsinin səbəbi yavaş-yavaş aydınlaşır...

Adı ... dəftərində olmayanlara pul ayırıb medianı tamamilə əl ağacına çevirmək..."

Etirazlara isə hələlik MEDİA-dan reaksiya verilməyib.

Mia.az