Nadir QOCABƏYLİ,
Tərcüməçi-yazar
***
Bir həftə qabaq məndən 2 kitaba 2 manat alan Hövsan kənd poçtu, bu gün 3 manat aldı. Deyirəm, nooldu? Qadın qayıdır ki, bunları "zakaznoy" elədik. Deyirəm, axı keçən dəfə də sifarişlə göndərdiyinizi demişdiniz. Deyir, ola bilməz, 1 manata sifariş olmur. Deyirəm, xanım, vallah, elə dediniz, sadəcə, tələsdiyimə görə, qəbz almadım, sizə inandım...
Deyirəm, keçən həftə göndərdiyim iki kitabdan birini hələ almayıblar, nədən olar? Yenə deyir ki, ola bilməz. Deyirəm, bəlkə bir yoxlayasınız, cavab verir ki, necə yoxlayım? Deyirəm, bəlkə Lerik poçtuna zəng vurasınız? Deyir, əhəmiyyəti yoxdur, çatmasa, geri qayıdacaq. Deyirəm, yaxşı indi sifarişlə göndərdiyiniz keçən dəfəki sifarişsiz göndərdiyinizdən daha tez çatacaq? Deyir, yox. Dedim, bəs onda məndən niyə artıq pul alırsınız? Cavab verir ki, buna marka yapışdırırıq. Deyirəm, o marka nəyə lazımdır? Deyir, gedib çatmayanda araşdıra bilirik. Amma o birini gərək 1 ay gözləyəsiz, geri qayıtsın...
Nə isə, dəlixanadır... Dedim, xanım, mən buradan çox kitab göndərəcəyəm, elə edin ki, 1 manatdan olsun. Həm sizin işiniz getsin, həm də mənim. Qayıdır ki, o məndən asılı deyil, gərək ucuz zərf ola, o da həmişə olmur. Deyirəm, gətirin də ucuz zərf. Şərait yaradın, mənim də işim getsin, sizin də. Baha göndərmək mənə sərfəli deyil, onda işim getməyəcək və göndərməyi dayandıracağam. Deyir, neyləyim. Mən də bu boyda poçtun müdiriyəm (əslində, balaca bir məntəqədir) cəmi 240 manat maaş alıram. Deyirəm, gərək onun hayıfını məndən çıxasınız? Həmkarlar yaradın, etiraz edin, mitinqə çıxın, tətil eləyin, maaşınızın artırılmasını tələb edin. Necə etmək lazım olduğunu bilmirsinizsə, Marksın kitabından öyrənin. Başını bulayır...
Dedim, daha bura gəlməyəcəyəm, heç vecinə də olamadı. Qanun-qayda, qəbz tələb edən adamla işləmək belə istəməmələri açıq-aşkar görünür...
Vallah, belə dövlət olmaz. Kim bizə deyibsə ki, sizin mütləq dövlətiniz olmalıdır, çox ciddi şəkildə yanılıb... Bu xalqın dövlət haqqında cüzi təsəvvürü belə yoxdur...
Məni tanıyanlar bilir ki, xəsis adam deyiləm. O gün yoldaşımla nahar edəndə, pulun 3 manat qalığını ofisiantdan almadım. Çünki bizə yaxşı qulluq elədi, özünü tərbiyəli apardı, qaiməni gətirb qoydu masanın üstünə. Başa düşürəm ki, maaşı azdır, ona görə, çaypulu verdim.
Ancaq dünən yoldaşlarla oturduğumuz masada qaimə vermədən bizə qiymət oxudular. Əvvəl bir qiymət dedilər, sonra onu artırdılar. Doğrudur, elə böyük məbləğ deyildi, ancaq dürüstlük, qayda-qanun başqa şeydir. Həm də adi hesablama aparanda aldadıldığını dəqiq bilirsən. Mən elə adamam ki, etdiyim alverin, verdiyim hesabın məbləğini qabaqcadan hesablaya bilirəm. Çox nadir hallarda səhv edərəm... Yəni qiymətləri, hesabımı bilən adamam. Qiymət soruşmağa utanmıram. Az gəlirlə başıdik yaşaya bilməyim də bununla bağlıdır...
Mia.az