Bu gün "Nəqşicahan" AAK-nın bir qrup azarkeşi və
"Araz-Naxçıvan" PFK-nın 3 futbolçusu - Eşqin Quliyev, Elgiz Kərəmli
və Elmin Çobanov "Azərbaycan Uşaqlar Birliyi"nin nəzdində olan
sığınacaq evində məskunlaşmış körpələrə baş çəkib.
"Azərbaycan Uşaqlar Birliyi"nin meneceri Həcər
Ağayeva bu bayramlar günündə "Nəqşicahan" AAK-nın belə bir addım
atmasını alqışlayıb və təşkilatçılara minnətdarlığını bildirib:
"Bu gün siz gənclərin belə bir addım atması bizi həqiqətən də sevindirir.
Çünki bu gün bu körpələrin belə bir sevgiyə, məhəbbətə, sığala ehtiyacı vardır.
Sizlər burda olan zaman o körpələrinin necə sevindiyinin şahidi oldunuz.
Təəssüflər olsun ki, bəzi valideynlər belə hissləri duya bilmir, övladlarını
tərk edirlər, onların həyatını məhvə sürükləyirlər. Amma sizin kimi gənclərin,
qeyrətli insanların sayəsində biz bu körpələrin sağlam böyüməsi, gələcəkdə
Azərbaycana gərəkli övlad olmaları yönündə var gücümüzlə çalışırıq. Bir daha
Sizlərə təşəkkür edir, bu bayram günlərində hər birinizin evinə ruzi-bərəkət,
əmin-amanlıq arzulayırıq».
"Nəqşicahan" AAK-nın qrup rəhbəri Emin Tarverdiyev
hər bir azərbaycanlını belə xeyirxah əməllər etməyə çağırıb: "Bu gün xalqımız üçün
əlamətdar bir gündür. Azərbaycanda bayram bayrama qatışıb.
"Nəqşicahan" AAK olaraq düşündük ki, bu bayram günlərində valideyn
himayəsindən məhrum olmuş körpələrimizə baş çəkək. Bu bizim həm bir
azərbaycanlı, həm də bir vətəndaşlıq borcumuzdur. Burda sığınacaq tapmış hər
bir körpə bizim gələcəyimizdir. "Azərbaycan Uşaqlar Birliyi"nin
rəhbərliyinə minnətdarlıq edirik ki, bu körpələrə sahib çıxıb. Biz burda
olarkən şahid olduq ki, Azərbaycan gənclərinin, ziyalılarımızın,
tələbələrimizin yadından bu körpələr heç zaman çıxmır.
Öz adımdan, "Nəqşicahan" AAK-nın rəhbərliyi və
çoxsaylı azarkeşləri adından bu körpələrin hər birinin bayramını təbrik edir,
onlara ən əsası cansağlığı, firəvan həyat arzulayırıq".
Sonda «Nəqşicahan»
rəhbərliyinin aldığı bayram sovqatı "Azərbaycan Uşaqlar Birliyi"nin
rəhbərliyinə təhvil verilmiş, körpələrlə xatirə şəkilləri çəkilib.