«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovla bağlı ciddi araşdırmaya start
verilib. Maraqlı burasıdır ki, bu araşdırma rəsmi deyil. Prosesi yönəldən Qorxmaz
Hüseynovun və onun mənsub olduğu qrupun hakimiyyətdaxili rəqibləridir. Onlar gizli
araşdırma və təftişlə ASC sədrini fakt qarşısında qoymaqla, «Azərsu»ya qeyri-rəsmi
nəzarəti ələ keçirmək istəyirlər.
Bu sözləri mia.az-a «Azərsu» ASC-nin adının çəkilməsini istəməyən əməkdaşlarından
biri deyib. Onun sözlərinə görə, Qorxmaz Hüseynov ASC sədri təyin olunduğu gündən
quruma kənar təsirləri minimuma endirməklə bərabər, il ərzində yarımmilyard manata
yaxın vəsaitin öz ətrafından kənara çıxmasının qarşısını sərt qərarlarla alıb:
ASC sədrinin fəaliyyəti nədən gizli təftiş olunur?
«Əvvəllər «Azərsu»da hakimiyyətdaxili qruplara bağlı olan bir çox vəzifə
sahibləri işləyirdi. Bu isə şirkətdə dövr edən vəsaitlərdən hər bir qrupun pay almasını
təmin edirdi. Qorxmaz Hüseynov sədr təyin olunduqdan sonra müxtəlif qruplara bağlı
olan vəzifəli şəxslərin əksəriyyətini işdən çıxardı, bəzilərini isə aşağı vəzifələrə
keçirməklə, milyonlar üzərindəki nəzarətlərini itirmələrinə səbəb oldu. Bu isə bir
çox qruplaşmaların narazılığını şiddətləndirdi. Onlar və Qorxmaz Hüseynovun bağlı olduğu qrupa əks mövqedə
olan qruplaşmalar bu səbəbdən birləşdilər. Qrup maraqları isə Qorxmaz Hüseynovun
fəaliyyətinin gizli təftiş edilməsinə və onun milyonları təyinatı üzrə xərcləyib-xərcləmədiyi
yönündə kompromat axtarışına rəvac verdi».
Müsahibimiz deyir ki, son aylar «Azərsu» ASC-nin tender layihələrinin
və işlədiyi şirkətlərlə bağlı mətbu orqanlarında silsilə xarakteri olan kompromat
tipli yazıların çoxalması da təsadüfi deyil: «Bu tip xəbər və yazılarda yer alan
faktlara diqqət etdikdə, açıq görünür ki, bunlar daxildən sızma məlumatlardır. Hiss
olunur ki, Qorxmaz Hüseynovun əleyhinə işləyən qruplar daxildə kimlərisə öz tərəflərinə
çəkərək, sirli məqamları daha təfərrüatlı öyrənə bilirlər».
"Qorxmaz Hüseynovu siyasi hakimiyyətlə üz-üzə qoymaq istəyirlər”
Qorxmaz Hüseynovun barəsində yayılan kompromat tipli xəbərlərdə həqiqət
yükünün çox olduğunu da etiraf edən müsahibimiz mia.az-a deyib ki, dövlət şirkətinin keçirdiyi
tenderlərdə xoşagəlməz halların və ayrılan vəsaitlərdə yeyintilərin olması istisna
deyil:
«Bu yeyintilərin əsasən su və kanalzasiya xətlərinin çəkilişləri ilə bağlı
olduğunu da demək mümkündür. Diqqət edirsinizsə, bu sahələr üzrə əsas gündəmə gətirilən
faktlar beynəlxalq donor təşkilatlarından ayrılan vəsaitlərlə bağlı olur. Bu isə
Qorxmaz Hüseynovu beynəlxalq qalmaqala cəlb etmək və bununla da siyasi hakimiyyətin
daha radikal addım atmasını təmin etmək məqsədi güdülür. Etiraf edilməlidir ki,
«Azərsu» sədri də rəqiblərinin bu kampaniyasına bilərəkdən və ya bilməyərəkdən impuls
verir. Yəni o, bir sıra beynəlxalq donor təşkilatlarından, o cümlədən Asiya İnkişaf
Bankından ayrılmış vəsaitləri əsasən özünə və qardaşlarına yaxın şirkətlərin sərəncamına
verməklə, buna rəqiblərinin əsaslı hücumlarına zəmin yaradır. Elə Asiya İnkişaf
Bankının ayırdığı milyonların hara və necə xərclənməsi ilə bağlı kompromat tipli
xəbərlərin intensivləşməsi də dediklərimə aydınlıq gətirə bilər».
130+170 milyonluq layihələrdə qaranlıq məqamlar....
Mənbə Asiya İnkişaf Bankı ilə bağlanan müqaviləyə əsasən, ayrılan 300
milyon manatın bir hissəsinin mənimsənilməsi ilə bağlı kompromatların daha ciddi
araşdırılma tələb etdiyini deyir:
«Həmin vəsait ümumilikdə 300 milyon dolardır. "Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” çərçivəsində Asiya İnkişaf
Bankı tərəfindən güzəştli şərtlərlə ayrılan bu 300 milyon dolların rəsmi sənədlərlə 130 milyon dolları
Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan
şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına xərclənməlidir. Bu iş və vəsaitlər həqiqətən də Qorxmaz Hüseynova yaxın şirkətlər arasında bölünüb. Yəni ASC sədrinə yaxın şirkətlər tenderlərdə qalib elan olunaraq, işlər onların sərəncamına verilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya
birgə müəssisəsi " T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH
& Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya
şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur. Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir. Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanması və orada qeyd edilən faktlar da bu «xəmirin hələ çox su» aparacağını göstərir».
Qardaş və bacıoğlu ASC sədrini fakt qarşısında qoyub?
Mənbənin sözlərinə görə, "Azərsu” ASC-nin sədri
Qorxmaz Hüseynova yaxın şirkətlərin milyonlarla «davranışları» ilə bağlı toplanan kompromatlar da, onun qardaşı və bacısı oğlunun da adı çox hallandırılır: «Deyə bilərəm ki, artıq sadalanan faktlarla yanaşı, Qorxmaz Hüseynovun bacısı oğlunun Hacıqabulda su və kanalizasiya
sisteminin tikintisinə ayrılmış 250 milyon manatın bir hissəsini hansı «variantlar»dan istfadə edərək mənimsəməsi və qardaşı Məhəmməd Hüseynovun sahibi olduğu "Sənaye Tikinti-M” MMC
vasitəsiylə hansı maliyyə fırıldaqlarına yol verməsi
xəbərləri də ASC sədrinə çox ciddi problemlər yaradıb. Düşünürəm ki, bu tip maliyyə fırıldaqları yaxın gələcəkdə Qorxmaz Hüseynova daha çox zərbələr gətirəcək. Yəni onun bu vəziyyətdən çətin çıxacağını düşünənlər də az deyil…».
Qorxmaz Hüseynovun siyasi hakimiyyətdə güc sahibi olan qrupa qarşı
"ağıllı manevri”...
Müsahibimiz Qorxmaz Hüseynovun haqqında çox ciddi siyasi skandallar yaradacaq
bir neçə məqamı da bölüşüb. Onun sözlərinə görə, Qorxmaz Hüseynov daha çox təzyiq gördüyü qrupun hədəfindən yayınmaq üçün bir neçə «ağıllı manevr» də edib. O, hətta həmin qrupun «hədəfi»ində olan başqa nüfuzlu bir şəxslə yaxınlıq qurmağa başlayıb: «Prosesləri diqqətlə izləyən şəxs kimi görürəm ki, bu fakt Qorxmaz Hüseynovun rəqiblərinin xəbəri yoxdur. Olsaydı, əminəm ki, bunu çoxdan dövriyyəyə buraxmaqla, Qorxmaz Hüseynova daha böyük zərbə vurardılar».
Mənbə sonda Q.Hüseynovun oğlunun harada oxuması və digər maraqlı faktlardan da söz açıb. Bu və ya digər məlumatların isə ciddi araşdırmaya ehtiyacı var. Bizi izləyin!