Mia.az-ın xəbərinə görə, görüşdə dövlət uşaq siyasətinin icrası sahəsində nazirliyin əsas fəaliyyət istiqamətlərini diqqətə çatdıran nazir
Səlim Müslümov «Uşaq qayğı sistemində islahatlar» üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılması və onlarda xidmət sisteminin təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın xüsusi önəmini qeyd edib.
Həmçinin BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasının icrası, monitorinqi və bununla bağlı müvafiq hesabatın hazırlanması, sosial iş sahəsi ilə bağlı təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması, sosial sifarişlər üzrə prioritet sahələrin müəyyən edilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, müxtəlif regionlarda günərzi qayğı mərkəzlərinin yaradılması və digər sahələrdə UNİCEF tərəfindən verilən dəstək yüksək dəyərləndirilib.
Eyni zamanda, il ərzində bir çox bölgələrdə yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların yaradılacağının nəzərdə tutulduğu bildirilib. Nazir Səlim Müslümov həmin müəssisələrin səmərəli fəaliyyətinin təşkili, sosial xidmətlərə ehtiyacların regionlar üzrə müəyyənləşdirilməsi üçün hazırlanan «Sosial xəritələşmə»yə uyğun xidmətlərin göstərilməsi, sosial sifarişlər üzrə layihələrin idarə edilməsi və sosial xidmətlərin təşkili ilə bağlı potensialın gücləndirilməsi işlərində UNİCEF-in mütərəqqi dünya təcrübəsinə əsasən ekspertiza dəstəyinin ölkəmiz üçün önəmli ola biləcəyini deyib.
Mark Herevard UNİCEF-in nazirliklə əməkdaşlığının qeyd olunan sahələri də əhatə etməsi üçün səylərin göstəriləcəyini qeyd edib. Bildirib ki, qarşıdakı dövrdə, eyni zamanda, nazirliyin nəzdindəki bərpa müəsissələrinin hazırki tibbi yanaşma əsasında deyil, beynəlxalq praktika əsasında sosial reabilitasiya yönümündə fəaliyyət göstərən müəssisələr kimi formalaşdırılması, uşaqlar üçün sosial xidmət müəsissələrinin transformasiyası, sosial xidmətlər göstərən QHT-lərin bu sahədə fəaliyyətinin monitorinqi üçün standartların hazırlanması və digər sahələrdə əməkdaşlığa dair təkliflərini çatdırıb.