Dekabrın 2-si İrəvandada Ermənistanın Gömrük İttifaqına üzvlüyünə qarşı etiraz aksiyası başlanıb. "Media forum” saytının məlumatına görə, aksiyaçılar Respublika meydanından prezident iqamətgahına yürüş etməyi planlaşdırıb.


Amma polis Şimal prospektini bağlayaraq aksiyaçıları Respublika meydanına buraxmayıb. Hökumət evinə yön alan aksiyaçılar orada toplaşıblar.

Etirazçılar "Serjik, get!”, "Putin get!”, "Avro Ermənistan”, "Müstəqil Ermənistan”, "Ermənilər, birləşin” şüarları səsləndirir. Aksiya iştirakçılarının əllərində Ermənistan və Ukrayna bayraqları, həmçinin üzərində "STOP – Russia!” sözləri yazılmış plakatlar var.

Ermənistan Rusiyanın patronajlığı ilə qurulmuş Gömrük İttifaqına daxil olmaq və bunun ardınca Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak etmək niyyətindədir. Bu il sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sərkisyan belə bəyannamə imzalayıblar. Bu bəyannamədən sonra Ermənistanın Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına hazırlıq prosesi dayandırılıb.