Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyə bilər.
Bunu modern.az-a partiya sədri özü deyib. Müxbirin "2015-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı” sualının cavabında millət vəkili belə deyib: "Bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm”.
Deputatlıq mandatından imtina etmək niyyətinə gəldikdə, Sabir Rüstəımxanlı bunun heç də siyasi proseslərdən yorulması ilə bağlı olmadığını bildirib: "Siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm. Yaşımın elə vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsilindən tutmuş, o ölkələrdəki siyasi proseslərə qoşulmasına qədər hər şeyə yardım etmək istəyirəm”.
Xatırladaq ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilib. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri olub.
1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.
2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat seçilmiş Sabir Rüstəmxanlı 23 ildir ki, millət vəkilidir.