Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı parkda ağacların qanunsuz kəsilməsi və yerində tikinti işlərinin aparılması barədə daxil olmuş şikayəti araşdırıb.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, sözügedən ünvanda kökü üstə yaş halda qarağac ağaclarının qanunsuz kəsildiyi məlum olub. Aşkar olunmuş faktla bağlı təqsirkar şəxs - Sumqayıt şəhər sakini Rasim Rüstəmov 3600 manat cərimə olunub.
Xəbərdə qeyd edilir ki, ərazidə şam ağaclarının da qanunsuz kəsilməsi faktı aşkar olunub. Araşdırma zamanı ağacın Sumqayıt şəhər sakini Rafiq Rzayev tərəfindən kəsildiyi müəyyənləşdirilib. Rafiq Rzayev 1200 manat cərimə edilib. Qanun pozuntuları ilə bağlı Sumqayıt İcra Hakimiyyətinə müraciət olunub.