Nərmilə Abbasova,
Qubadlı rayonu, Başarat kəndi
***
Bu gün bizim bayramımızdır. Başaratlıların! Bu günləri çox gözlədik və heç zaman ümidimizi itirmədik. İllər keçdi, şükürlər olsun Uca Yaradana arzularımıza qovuşduq. Bu gün Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Qubadlının Başarat kəndinin də erməni işğalından azad olunmasını rəsmən duyurdu. Və beləcə 2020-ci ilin 4 noyabrı hər birimiz üçün əbədi yaddaşlarda qalacaq bir tarix oldu.
Qarabağ bizimdir! İnşallah lap yaxında Qubadlıya qayıdarıq. Çoxdan həsrətində olduğumuz kəndmizə! Başarat mənə görə dünyanın ən gözəl kəndidir. Bir payız günü sanki Kiçik Həkərinin həfif mehindən üşüyürmüş kimi bir-birinə sığınan qızılı yarpaqların həzin pıçıltısı, sübh erkəndən kəndin hər yerindən duyulan təzə lavaşın ətri və təzəcə dəmə qoyulmuş samovar çayı harada var! Kəndə gəldiyinizdə qabağınıza qaçışan balaca uşaqların soyuqdan allanmış yanaqlarından bir-bir öpdükcə qəlbinizdə yeni həyat rahiyəsi qaynayacaq. Artıq evin kişisi olmuş bizim cavanların ürəyinizə yağ kimi yayılacaq səmimiyyətini və bir də dadından doymayacağınız Qubadlı plovunu heç zaman unuda bilməyəcəksiniz.
Plov Azərbaycan mətbəxini şahıdır. Bizim Qarabağ plovunun şöhrəti isə hələ yüzillərdir dillərdə deyilir. Ən əziz qonağa aş süzülüb, təmtəraqla süfrəyə gətirilib. Qonağa hörmət, qonaqpərvərlik bizim ruhumuzda, qanımızdadır. Gözümüzü açandan təmiz havasına, saf suyuna vurulduğumuz doğma Qarabağa sevgmizdəndir bu hörmət, bu izzət. Dədə-babalarımız yüz illər boyu belə yaşayıblar. Nə gözəldi o illər, o günlər! O torpaqdakı həyat bizim hamımızın ürəyində yaşayır. Min illərdir bütün qubadlılılara həyat verən Həkərinin, Bərgüşadın su yaddaşında yaşayır. Bəzən bitməsini istəmədiym şirin bir nəğmə kimi xatırlayıram otuz il əvvəlki Qubadlılı günlərimizi. Amma hardan gəldi o qara yel, kim aldı əlimizdən isti yuvamızı, illərlə qurub-yaratdığımz güzəranmızı?! Yollara saldı bizi! Hansı günləri yaşadıq! Amma əyilmədik, qırılmadıq, öz əsgərmizə, öz dövlətmizə, qətiyyətli rəhbərimizə inandıq. Bu günü gözlədik və elin vüsalına qovuşduq nəhayət, yenidən doğulduq sanki... Çox şirin nağıldı, deyilmi? Doğma yurda böyük qayıdış! Yenə dünənki kimi olacaq hər şey. Yenə evimizin çırağı yanacaq, yenə həyətdən səs gələcək, uşaqlar hamıdan tez qapıya qaçıb, atam gəldi, - deyəcəklər.
Bax, həmin gün günlərin ən gözəli olacaq. Yenə əvvəlki kimi ocaqlar közərəcək, qazanlar asılacaq, süfrələr bəzədiləcək və Sizləri ləziz Qarabağ plovuna, Qubadlı aşına qonaq edəcəyik.
Bu dəfə Qubadlıda!
MİA.AZ