BAXCP İdarə Heyəti büdcə layihəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə verilən dəstəyin də artırılmasını mühüm sayır. BAXCP İdarə Heyəti hesab edir ki, hökumət təkcə ölkənin iqtisadi inkişafı barədəsində deyil, həmçinin vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi haqqında da düşünməli və bu prosesə dəstəyini artırmalıdır. BAXCP qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və siyasi partiyalara dövlət tərəfindən maliyyə vəsaiti ayrılmasını mühüm addım kimi qiymətləndirir və hesab edir ki, 2014-cü ilin dövlət büdcəsində sadalanan istiqamətlərə ayrılan vəsait bu sahələrdə fundamental irəliləyişə nail olmaq üçün yetərli deyil və əhəmiyyətli dərəcədə artırılmalıdır.
BAXCP İdarə Heyəti büdcədən maliyyəşən sosial qruplar arasında ən aztəminatlı olan həkimlərin və müəllimlərin əmək haqlarının artırılmasını da vacib hesab edir. BAXCP Azərbaycan hökumətini bu sahədə mövcud olan problemlərin həlli üçün güc strukturlarının tərkibindəki ixtisaslaşdırılmış akademiyalar istisna olmaqla bütün ali və orta ixtisas təhsil müəsisələrini və səhiyyə obyektlərini özəlləşdirməyə, təhsil kreditlərinin verilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı təxirəsalınmaz addımlar atmağa çağırıb.
İdarə Heyətinin toplantısında BAXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Ali Məclisin növbəti iclası dekabrın 1-də, saat 11:00-da BAXCP-nin mərkəzi mənzil qərargahında keçiriləcək.