AFFA idman saytına qadağa qoyub - Etiraz + Bəyanat

img

06-03-2018 [01:05]


AFFA 2018-ci il martın 7-də keçiriləcək konfransda iştirak etmək üçün akkreditasiyadan keçmək məqsədilə Supersport.az saytının müraciətinə müsbət cavab verməyib.

Futbol qurumu bunun səbəbini belə göstərib: 

"AFFA-nın 2018-ci il martın 7-də keçiriləcək konfransında iştirak edə bilmək üçün akkreditasiya əldə etmək məqsədilə ünvanladığınız müraciət müsbət cavablandırılmır. Buna səbəb AFFA-nın İcraiyyə Komitəsinin 2017-ci il noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçirilmiş iclasından əvvəl AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi əməkdaşlarının haqlı tələblərinə riayət etməməyiniz, media nümayəndələrinin fəaliyyəti üçün nəzərdə tutulmamış yerdə planşetlə çəkiliş aparmağa cəhd etməyiniz, Sizə bunun yolverilməz olduğunu bildirən AFFA əməkdaşlarına qarşı kobud davranışınızdır”.

Bununla bağlı sayt bəyanat yayıb.

Mia.az-a verilən bəyanatın surətində bildirilib ki,  Azərbaycan Respublikasının "Kütləvi informasiya vasitələri haqqında” qanununa əsasən, jurnalist informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq hüququna malikdir:

"Supersport.az 9 illik fəaliyyəti dövründə hər zaman ölkə qanunlarına riayət edərək, işini davam etdirib. AFFA-nın qadağası qanuna ziddir və mətbuata təzyiqdir.

Supersport.az bəyan edir ki, AFFA-nın İcraiyyə Komitəsinin 2017-ci il noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçirilmiş iclasından əvvəl AFFA-nın əməkdaşları çəkiliş aparmağımıza imkan verməyib və saytımızın nümayəndəsinin kobudluq etməsindən söhbət gedə bilməz. Bu məsələylə bağlı iclasdan əvvəl Supersport.az-ın baş redaktoru, 22 ildir ki, jurnalist fəaliyyəti göstərən Anar Cəfərov AFFA-nın baş katibi Elxan Məmmədovla fikir mübadiləsi aparıb. Bundan sonra mühafizəçilər media nümayəndələrinin fəaliyyət otağında saytımızın rəhbərinə hədə-qorxu gəliblər. Bu qanunsuzluğa baxmayaraq, Supersport.az heç bir məlumat yaymayıb.

Supersport.az, AFFA yanında Media Komitəsi bir sıra haqsız qərarlar verdiyi üçün 2017-ci il yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdi. Dövlət başçısına məktubda məlum ədalətsizliyə qarşı AFFA-nın baş katibi cənab Elxan Məmmədovun 25 oktyabr 2016-cı il tarixində info@affa.az adresinə ünvanladığımız rəsmi müraciətimizə etinasız yanaşdığını da qeyd etmişdik.

Supersport.az hesab edir ki, AFFA-nın konfransında iştirakımıza qadağa qoyulmasının əsas səbəbi haqsızlığa göz yuman baş katib Elxan Məmmədovdan prezident İlham Əliyevə şikayət etməyimizdir. Buna görə baş katib saytımıza qarşı qərəzli mövqe tutur.

Bir məqamı qeyd edək ki, Mətbuat Şurasının üzvü olan Supersport.az-ın internet kanalına üç il müddətində 4 milyon baxış olub və bundan heç bir maddi qazanc əldə etməmişik. Ölkəmizə faydalı olması naminə videoçəkilişlərimiz nüfuzlu komandalarımızın UEFA-dan haqsız cəza almasına mane olmaq üçün istifadə olunub. Hətta videogörüntülərimiz Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediasında verilib.

Supersport.az, AFFA-nı ölkə qanunlarına hörmət etməyə, konfransda təmsil olunmağımıza şərait yaratmağa çağırır və Mətbuat Şurasına müraciət edir. Ümid edirik ki, məsələ müsbət həllini tapacaq.

Konfransda iştirakımıza qadağa götürülməsə, qanun çərçivəsində bütün addımları atacağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA