Azercell: 2017-ci il – Azərbaycanın bölgələrində 4G ilidir (Müsahibə)

img

23-07-2016 [14:15]



Simsiz rabitə mobil şəbəkələrin inkişaf templərini təmamilə yeni səviyyəyə çıxarıb. Ölkəmizdə 3G şəbəkələrinin inkişaf etdirilməsi ilə bərabər, mobil operatorlar artıq 4G (LTE) şəbəkələri üzərində də işlər aparırlar.

LTE abreviaturasının tam açıqlanması Long Term Evolution («Uzunmüddətli Təkamül") kimi səslənir. LTE şəbəkələri IP texnologiyaların əsasında işləyir və 3G standartından məlumatların yüksək sürətlə ötürülməsi ilə fərqlənirlər. Texniki baxımdan 4G şəbəkələrini 3G şəbəkələrindən fərqləndirən amil odur ki, dördüncü nəsil texnologiya məlumatların paket halında ötürülmə protokollarına əsaslanır, üçüncü nəsil isə paket və kanalların üzərindən kommutasiyanı özündə birləşdirir. 3G şəbəkələrinə bənzər LTE şəbəkələrin əsas cəhəti məlumatların kodlaşdırılması və ötürülməsi üçün OFDM-MIMO texnologiyasının istifadəsidir. OFDM texnologiyası siqnalın mobil telefondan baza stansiyasınadək istiqamətini təsvir edir. Yalnız OFDM texnologiyasının mövcudluğu rabitə şəbəkəsinin LTE tələblərinə uyğun olması üçün kifayət deyil. Bundan əlavə, siqnalı baza stansiyasından mobil telefona geri qaytaran SC-FDMA texnologiyası da olmalıdır. Belə bir siqnalın yüksək keyfiyyətlə ötürülməsi üçün bahalı ötürücü tələb olunur.

Azərbaycanda ilk LTE (4G) şəbəkəsini Azercell Telecom şirkəti qurmuş oldu. Şirkət yüksək sürətli mobil internetə artan təlabatı dəqiqliklə bilir və məhz bu səbəbdən 2016-ci ilin iki rübü ərzində Azercell mütəxəssisləri Bakı şəhəri və Abşeron yarımadasında 220 yeni LTE stansiyası quraşdırmışdır. Beləliklə, sözü gedən ərazidə 4G stansiyaların sayı 480-ə, əhatə dairəsi isə 79% təşkil etmişdir. Xidmətdən faydalanan abunəçilər 100 Mbit/s sürətinə malik mobil internetdən istifadə etmək imkanı qazanırlar.

Azercell-in Pərakəndə Satış departamentinin direktoru Qeorqios Çatiz və Texnologiyalar departamentinin direktoru Xavər Babazadə yeni texnologiyaların istifadəçilərə açdığı imkanlar və Azercell-in təqdim etdiyi 4G şəbəkəsinin inkişaf perspektivləri barədə maraqlı məqamlarla paylaşır.    

- 4G şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması və Abşeron yarımadasından kənara genişlənməsinə dair Azercell-in planları nədir?

Qeorqios Çatiz: - Hazırda Bakıda və Abşeron yarımadasında 4G şəbəkəsinin əhatəsi baxımından yüksək göstəricilərə nail olmuşuq. Əldə etdiyimiz nəticələrə əsasən əminliklə deyə bilərik ki, şəbəkənin inkişafı düzgün istiqamətdə gedir və artım perspektivləri haqqında ciddi düşünməyə zəmin yaradır. Növbəti vəzifəmiz 4G şəbəkəsinin əhatəsini genişləndirməkdir. Yəni, 2017-ci ildə biz Azərbaycanın Sumqayıt, Gəncə, Quba, Qəbələ, Lənkəran kimi iri regional mərkəzlərində yeni standartın təqdim olunmasını planlaşdırırıq. Bölgələrdə 4G şəbəkəsinin yayılması paytaxtla əyalət arasında «rəqəmsal bərabərsizliyin» azaldılmasına da xidmət edəcək.

Xavər Babazadə: - Şəbəkənin genişləndiriməsi zamanı əsas diqqəti abunəçilər tərəfindən təzə xidmətə olan tələbatın öyrənilməsinə yönəldirik. 4G şəbəkəsinin genişləndirilməsi prosesində əsas göstəricilər qismində təqdim olunan 3G xidmətlərdən istifadə və regionun telekommunikasiya infrastrukturunun hazırlıq səviyyəsi çıxış edəcək. Yeni texnologiyanın tətbiqini ilk əvvəl stasionar rabitənin zəif olduğu və əhalinin keyfiyyətli data-trafik və müvafiq digər xidmətlərə ciddi ehtiyacı olan bölgə və şəhərlərdən başlayacağıq.

- Hazırda Azercell-in 4G şəbəkəsində neçə abunəçi qeydiyyatdan keçib?

Qeorqios Çatiz: - Bu rəqəm 130 min qoşulmaya çatır. 4G-ni dəstəkləyən Sim-kartların satışına gəldikdə isə, onların sayı 1,1 mln ötmüşdür. Odur ki, dördüncü nəsil texnologiyaların istifadəçisi sayında ciddi artım gözləyirik və Azercell də öz tərəfindən bu formatın geniş yayılması üçün böyük səylər göstərir. 4G-ni dəstəkləyən smartfonların yayılmasını artırmaq məqsədilə keçirdiyimiz tədbirlər öz nəticəsini vermişdir: "Hədsiz” tarifi çərçivəsində keçirdiyimiz kampaniya abunəçilərə çox sərfəli şərtlərlə iPhone 6S və Samsung S6 Edge smartfonlarını əldə etmək imkanı yaratmışdır. Təəssüf ki, Bakıdan kənarda yaşayan heç də bütün abunəçilər 4G standartını dəstəkləyən bahalı cihazları almaq imkanına malik deyirlər. Məsələn, bahalı smartfonu almaq üçün 600 manat və ya daha da artıq məbləğ ödəmək lazımdır. Odur ki, 4G şəbəkəsini bütün bölgələrə genişləndirməkdən əvvəl görəcəyimiz iş 100 manata qədər qiyməti olan keyfiyyətli və baha olmayan cihazları tapmaqdır ki, potensial müştərilər təklif etdiyimiz 4G tarif paketləri ilə bərabər, həmin cihazları da əldə edə bilsinlər. Yeri gəlmişkən qeyd edim ki, dünyada bütün mobil operatorların maraqlarını təmsil edən GSMA təşkilatı da bazarda 4G şəbəkəsini dəstəkləyən ucuz smartfonların praktiki baxımdan olmamasını standartın geniş yayılması üçün əsas əngəl kimi qiymətləndirir.

Beləliklə, bir daha xatırladım ki, biz istənilən abunəçinin imkanlarını nəzərə alaraq 4G şəbəkəsində işləyəcək cihazların yayılması üzərində ciddi iş aparırıq. Yaxın zamanlarda Azercell 4G şəbəkəsinin daha geniş yayılması məqsədilə bir neçə kampaniyanın başlanmasını elan edəcək. Biz abunəçilərə 4G xidmətimizin pulsuz olmasını deyirik. Biz 4G şəbəkəsinə çıxış üçün əlavə pul almırıq. Abunəçidən tələb olunan yeganə bir şey öz Sim kartını dəyişib, əvvəlki qiymətlə daha yüksək sürətdən zövq almaqdır. Bu çox gözəl üstünlükdür. Yalnız cari ildə Azercell tərəfindən 4G xidmətinin inkişafına 8 mln manat sərmayə yatırılmasına baxmayaraq, biz abunəçidən əlavə xərc tələb edən bir xidməti satmağa və ya reklam etməyə çalışmırıq. Abunəçilərimizə göstərdiyimiz xidmət təmamilə pulsuzdur.

- Azercell tərəfindən 4G şəbəkəsində istifadə olunan tezliklərlə əlaqədar vəziyyət necədir?

Xavər Babazadə: - Hazırda 4G şəbəkəmiz ən populyar olan 1800 MHz tezliyində işləyir. Bununla belə, ölkəmizdə çox istifadə olunmayan 700 MHz tezlik də daxil olmaqla, müxtəlif tezlikləri eyni zamanda istifadə etməyə imkan verən Carrier Aggregation texnologiyası yaxın zamanlarda 4G şəbəkələri üçün də açıq olacaq. Bu texnologiya sayəsində baza stansiyaları çox yüksək keçiricilik qabiliyyəti qazanacaqlar. Sözügedən texnologiya artıq test rejimində istifadə olunur və bir sıra operatorlar tərəfindən tətbiq edilməkdədir. Azercell də Carrier Aggregation texnologiyasına keçidi planlaşdırır, lakin bunun ərsəyə gəlməsi üçün sayı ildən-ilə artan abunəçi cihazları da hazır olmalıdırlar. Belə olduğu halda, populyar və qeyri-populyar tezliklər arasında fərq aradan qalxacaq.

- 4G şəbəkələrinin qurulması üçün hansı insfrastruktur avadanlığından istifadə edirsiniz? Həmçinin, 4G şəbəkəsində səsli xidmətlər ilə əlaqədar hansı yeniliklər var?

Xavər Babazadə: - Şəbəkəmizdə Ericsson şirkətinin avadanlıqlarından istifadə olunur. Təchizatçı seçimində biz yalnız qiymət deyil, həmçinin, bir sıra başqa amillərə də diqqət yetiririk. 4G şəbəkəsinin bölgələrə yayılmasını nəzərdə tutan növbəti mərhələdə biz Azərbaycana ən qabaqcıl texnologiyaların gətirilməsi məqsədini əsas tutaraq, bu iş üçün yeni təchizatçı seçəcəyik. Layihənin icrası 2017-ci ilin əvvəlində başlamalıdır ki, abunəçilər Azercell-in adına layıq keyfiyyətli xidmətlərdən artıq ilin əvvəlindən etibarən istifadə edə bilsinlər.

Bundan əlavə, qeyd etmək istərdik ki, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq araşdırma şirkətlərinin əldə etdiyi nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur.

İkinci sualınızın cavabına gəldikdə isə, qeyd edim ki, biz zəng daxil olduqda abunəçinin dərhal 3G şəbəkəsinə keçməsini və zəngi qəbul etməsini mümkün edən funksiyadan istifadə edirik. Aparılan yoxlamalar zamanı sözügedən texnologiyanın sayəsində 99% zənglərin problemsiz baş tutması müşahidə olunmuşdur. Sistemimizdə toplanan statistik məlumatlar da bu faizin yüksək olmasını göstərir.  

- İyunda Bakıda F1 yarışının Qran Pri mərhələsi keçirilmişdir. Xarici qonaqların axını və nəticədə mobil data xidmətlərindən istifadəyə təlabatın artması 4G şəbəkəsinə hansı təsir göstərmişdir?

Qeorqios Çatiz: - Bakı-2015 İlk Avropa Oyunları ərzində olduğu kimi, bu dəfə də biz Heydər Əliyev adına Hava Limanının zalında turistlərə Azercell Sim-kartlarını təklif edirdik. Bonus olaraq hər bir qonağa şəhərin turist marşrutlarını əks etdirən xəritə də təqdim olunurdu. Formula-1 yarışı zamanı Azercell-in tam heyəti yüksək hazırlıq vəziyyətində idi. Gözlənilməyən problemlərin öhdəsindən gəlmək üçün, hətta, Ericsson şirkətindən mütəxəssisləri də dəvət etmişdik. Eyni zamanda, Avropa Oyunlarında toplanan təcrübə şirkətə bu tədbiri yüksək səviyyədə keçirməyə və gözlənilməyən pik günlərində dəqiq iş bacarığını nümayiş etdirməyə imkan verdi. Bu üç gün ərzində trafikin "partlayışı” baş verdi. Şəbəkənin ötürmə qabiliyyətini artırmaq məqsədilə əvvəlcədən quraşdırdığımız əlavə səyyar baza stansiyaları ətrafında sıx toplaşan tamaşaçılar Facebook və Instagram-a böyük sayda və həcmdə şəkillər yükləyirdilər. Bu məkanların hər birində 4G şəbəkəmiz fasiləsiz işləyirdi. Bir misal olaraq qeyd edim ki, Formula-1 yarışlarının keçirildiyi dövrdə Azercell-in 4G şəbəkəsində orta yükləmə sürəti 42 Mbit/s çatmışdır ki, bu da çox yaxşı bir göstəricidir.

- 4G istifadə etdikdə Azercell abunəçiləri məzmun baxımından hansı üstünlüklərə malik olurlar?

Qeorqios Çatiz: - 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. Hər bir istək üçün kifayət qədər sürət alırsınız. Məsələn, 4G vasitəsilə siz böyük faylları asanlıqla endirə və kinolara yüksək keyfiyyətdə baxa bilərsiniz. Azercell-in şəbəkəsi geniş əhatəyə malikdir və bu da dördüncü nəsil texnologiyasından istifadə zamanı məzmun xidmətlərinə çıxış sürətinə öz müsbət təsirini göstərir. Şirkətimizin malik olduğu digər üstünlük isə Müştərilərə Xidmət mərkəzlərimizdir. Azercell istənilən problemin həllində yardımçı olmağa hazırdır: Sim-kartın dəyişilməsi, 4G haqqında məlumat və sair. Beləliklə, Azercell-in üç əsas üstünlüyü - sürət, şəbəkənin əhatəsi və xidmət keyfiyyəti abunəçilər üçün operatoru daha cəlbedici edir.

- Bu proseslər çərçivəsində mövcud 3G şəbəkələrinin modernləşdirilməsi həyata keçirilirmi?

Xavər Babazadə: - Biz 3G şəbəkəsinin də inkişafını davam etdiririk. 2016-ci ilin əvvəlindən əksəriyyəti Azərbaycanın bölgələrində olmaqla bu formatı dəstəkləyən əlavə 100 baza stansiyası quraşdırılıb. Yeri gəlmişkən, gəlmişkən qeyd edim ki, yeni avadanlıq 4G standartını dəstəkləmək funksiyasına malikdir və kiçik bir modul əlavə etməklə baza stansiyası yeni formatda xidmət göstərməyə hazır olacaq. Ümumiyyətlə, Azercell şirkətində radio-şəbəkənin yenilənməsi üzrə xüsusi proqram fəaliyyət göstərir ki, onun çərçivəsində biz növbəti illər ərzində köhnə standartla işləyən baza stansiyaları tədricən yenilərilə əvəzləməyi planlaşdırırıq. Proqram mərhələli şəkildə həyata keçiriləcək. Mövcud stansiyalarımız haqqında onu deyə bilərəm ki, təchizatçı tərəfindən onların hər birinə texniki dəstək xidməti davamlı şəkildə göstərilməkdədir.



Digər xəbərlər
SON XƏBƏRLƏR