Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)

img

27-04-2024 [23:37]


Yüksək akademik biliyə malik olan istedadlı müəllimlərin öz bilik, bacarıqlarını yaradıcı, səmərəli pedaqoji fəalliyyətə çevirməsi üçün onlara stimul vermək, pedaqoji ictimaiyyətə tanıtmaq və təcrübələrini yaymaq məqsədilə “Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim” adlı layihəyəmiz davam edir.

İlkin mərhələdə  müəllimlərin öz təşəbbüsü ilə onların fəaliyyətinin öyrənilməsinə önəm verilmişdir.       

Tədris prosesində real vəziyyəti olduğu kimi müşahidə etmək üçün əvvəldən ciddi hazırlıq görülməyən, həmişəki qaydada aparılan dərslərin dinlənilməsi əsas götürülür.

 Bu dəfə İmişli rayon A. Allahverdiyev adına Qaralar kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cavadzadə Aytən Səməd qızının təşəbbüsü ilə onun dərsini dinlədik. 

Aytən Cavadzadə  ali təhsil pilləsinin bakalavr və magistratura səviyyələrini bitirib. MİQ, DQ və sertifikasiyada yüksək bal toplayıb. 6 ildir pedaqoji fəaliyyət göstərir. Həmçinin  yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilir. 

 Aytən müəllimin dinlənilən dərsi haqqında qısa məlumat: 

VII sinif. Mövzu: Ədatların orfoqrafiyası. 

 Dərsi dinləmək üçün sinfə daxil olarkən çox gözəl bir aura ilə qarşılaşdıq. Məktəblilər sinfə daxil olan qonaqlara ənənəvi olmayan bir formada, xorla "Xoş gəlmisiniz!" dedikdən sonra maraqlı bir formatda da özlərini  təqdim etdilər.

 İlk dəqiqələrdən müəllimin peşəkarlığı nitqində, məntiqində, şagirdlərlə ünsiyyətində, xüsusilə səssiz jestləri və baxışlarında çox aydın şəkildə özünü göstərməyə başlamışdı. Sinifdə sağlam psixoloji mühit və müəllim- şagird münasibətləri məmnunluq hissləri yaradırdı. Müəllim və şagirdlərin özlərini sərbəst hiss etməsi diqqət çəkirdi. Bu səmimi və işgüzar mühitdə yüksək elmilik, düzgün seçilmiş tədqiqat sualları ətrafında dərsin gedişi, fikir mübadiləsinin təşkili, müzakirələr, ümumiləşdirilmiş nəticələrin çıxarılması  müəllim tərəfindən ustalıqla istiqamətləndirilirdi.

Qoyulmuş tədqiqat sualları: “Mətnin ideyası nədir? Ədatların yazılışında nəyə diqqət edirik?” kimi suallara aydınlıq gətirildikcə şagirdlərin sifətində yaranan sevinc, məmnunluq duyğuları sanki sinfi də nurlandırırdı. Qazanılmış biliyin yaradıcılıqla tətbiq edilməsi müəllimin səmərəli fəaliyyətinin real nəticəsi idi.  

Dərsdə ədatların orfoqrafiyasında diqqət yetirilməli olan vacib məsələlərin mükəmməl öyrədilməsi müşahidə edildi. Belə ki, ədatların əksəriyyətinin ayrı yazılması; Sözə bitişik yazılan ədatlar (şəkilçiləşmiş ədatlar); Ədatların tələffüz və yazılışının fərqləndirilməsi kimi məsələlərin şagirdlər tərəfindən yüksək səviyyədə mənimsədilməsi müəllimin peşəkarlığının göstəricisi idi.

Müəllim ədatların yazılışı ilə bağlı məsələləri şagirdlərə anlaşılan, sadə bir formada izah etdi. Bu zaman şagirdləri də  mövzunun izahına cəlb edərək onlarda idraki fəallığını təmin etməyə çalışırdı. Biliyi bacarığa çevirmək üçün texniki avadanlıqlar (kompüter və proyektor) vasitəsilə bir neçə tapşırığı görüntü halında təqdim  etdi.

Dərsdə əqli hücüm, anlayışın çıxarılması, krossvord və venn diaqramı üsullarından; Fərdi, qrup şəklində iş formalarından; Fərdi və qrup  qiymətləndirmədən; əyani vəsaitlər, video və sairələrdən çox peşəkarcasına istifadə edilirdi. Proses işlək bir mexanizm kimi gedir, sanki müəllim heç bir əziyyət çəkmir, daha az müdaxilə ilə istiqamət verir və nəticələri izləyirdi. 

Bəli, yüksək bilik və bacarığını nəticəyönümlü, səmərəli fəaliyyətə çevirən müəllimin dərsi iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.
      
Bu dərsin dinlənilməsinə gənc məktəb direktorları dəvət edilmişdi.

Dərsdə iştirak edirdi: layihənin rəhbəri, İmişli rayon təhsil sektorunun baş məsləhətçisi Vahid Tağıyev, İmişli şəhər 3 nömrəli tam orta məktəbin direktoru  Aynur Nağıyeva, Otuziki kənd tam orta məktəbin direktoru Mətanət Ağazadə, Ölcələr kənd tam orta məktəbin direktoru Sahilə Ağazadə,  A.Allahverdiyev adına Qaralar kənd tam orta məktəbin direktoru Aysel Cəfərzadə,  uzun illər məktəb direktoru işləmiş Bikə Məmmədova və məktəbin digər Azərbaycan dili və ədəbiyyat müəllimi Məhsəti Məmişova.

Sonda dinlənilmiş dərs geniş təhlil və müzakirə edilərək təkliflər verildi. Aytən Cavadzadənin apardığı dərs yüksək qiymətləndirilərək fərq yaratmağı bacaran bir müəllim kimi dəyərləndirilib.

İnnovativ, yaradıcı və səmərəli fəaliyyət göstərən müəllim sorağında layihə davam edir. 

Vahid Tağıyev

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR