Telefonların IMEI nömrəsi... - Bunu dəyişənlər 12 min manat cərimə olunacaq

img

09-12-2022 [13:25]


Azərbaycanda telefonların IMEI nömrəsini dəyişənlərin on iki min manat cərimə edilməsinə dair layihə I oxunuşda qəbul edilib.

Mia.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Dəyişikliklə Məcəlləyə yeni 368-1-ci maddə (Mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi) əlavə olunur.

Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaq.

Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR