Koronavirusa yoluxma niyə artır? - Nazirlik eksperti səbəbi açıqladı

img

16-08-2022 [10:42]


"Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova deyib.

Onun sözlərinə görə, buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər: "Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil".

O bildirib ki, ilk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir: "Məlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir. Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir"


Digər xəbərlər
SON XƏBƏRLƏR