Kaş, gözlərim kor olaydı...

img

31-03-2014 [08:20]



Üçüncü yazı

İbrahim müəllimə zəng vurdum. Dedi ki, Bakıdan qonaq gəlib, səninlə görüşmək istəyir.

MTN-nin rayon şöbəsinə getdim. Yolda fikirləşdim ki, yəqin "Səs” qəzetinin nümayəndəsi S.Aran gəlib. Kabinetə girəndə İ.Şirinovdan başqa bir neçə hərbçi gördüm. Məlum oldu ki, gələn qonaqlar hərbi prokurorluqdandır.

Mayor rütbəli hərbçi (adını unutmuşam) əlindəki teleqramı mənə göstərib soruşdu ki, bu teleqramı siz vurmusunuz? Teleqramı alıb baxdım. Bu, bizim iyul ayının 12-də Əbülfəz bəyə və H.Əliyevə vurduğumuz teleqram idi. Məzmununu olduğu kimi yazıram: "Naxçıvan, Kələki kəndi, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə. Sürəti: Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə. AXC Cəbrayıl rayon şöbəsi bildirir ki, bu il iyulun 4-də Cəbrayıl şəhərinin boşaldılıb ermənilərə verilməsi üçün güclü təxribat hazırlanmış və həyata keçirilməsinə cəhd göstərilmiş, lakin onun qarşısı alınmışdır. Həmin təxribatı hazırlayanların aydınlaşdırılması üçün təcili olaraq səlahiyyətli komissiya yaradılmasını xahiş edirik. AXC Cəbrayıl RŞ-nin sədri V.Əlisoy”.

Mayora bildirdim ki, bəli, biz vurmuşuq. Xahiş edirəm ki, bu işlə ciddi məşğul olun. Sonra gec ola bilər. Mayor Şirinovun və mənim yanımdaca Füzuli rayon hərbu prokuroru Fəzail müəllimə telefonla teleqram haqqında danışdı və dedi ki, işə ciddi yanaşmaq lazımdır. Bu işlə respublikanın birinci şəxsi maraqlanır. (H.Əliyev nəzərdə tutulurdu).

Orada mənimlə bərabər rayon komendantı V.Məhərrəmovdan, polk komandiri M.Həsənovdan, polkun digər rəhbərlərindən 4 iyulda Cəbrayılda baş verən təxribatla əlaqədar izahatlar alındı.

14 avqust 1993-cü il.

Sabah, yəni 15 avqustda "Şişqaya” əməliyyatında həlak olan şəhidlərimizin ilidir. Keçən il bu vaxt həmin döyüşdə 33 əsgərimiz şəhid olmuşdu. O qəhrəmanların cəsədləri polisin, Milli Ordu əsgərlərinin və AXC üzvlərinin gərgin əməyi sayəsində geri alınmışdı. Onların şəkilləri qara mərmərə həkk olunmuş və 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılan abidənin yanında divarlara vurulmuşdu. Həmin əməliyyatda Gəncədən, Saatlıdan, Sabirabaddan, Sumqayıtdan, Bakıdan, Cəbrayıldan igid oğlanlar həlak olmuşdular. Cəbrayıllılar onların xatirısini həmişə uca tuturlar.

15 avqust 1993-cü il

Səhər bütün cəbrayıllılar kimi mən də "Qrad”, top səsinə yuxudan durdum. Artıq beşinci ildir ki, biz buna adət etmişdik. Rayon mərkəzinə getdim. Bir-birindən həyəcanlı xəbərlər gəlirdi. Artıq ermənilər Quşçular, Daşbaşı kəndlərini işğal etmişdilər. Ordu iflic olmuşdu. Sonra dedilər ki, icra hakimiyyətinin başçısı K.Kərimov, polk komandiri M.Həsənov Bakıdadır. Ermənilər Süleymanlı, Doşulu, Qışlaq kəndlərinə hücum edirdi.

4 iyul hadisələri baş verəndən sonra qohumların, dost və tanşların təhriki ilə söz vermişdim ki, əlimə silah almayacağam. Bilirdim ki, yenə AXC üzvləri günahkar hesab olunacaq. Çünki icra başçısı AXC üzvü idi. Onun bütün hərəkətləri AXC RŞ-nin hərəkəti kimi qiymətləndirilirdi.

Saat 12:00-da icra hakimiyyətinə gəldim. Qubadlı rayonunun icra hakimiyyətinin başçısı Elxan bəy, Zəngilan rayon icra hakimiyyətinin başçısı İlham bəy də gəldilər. Özləri ilə qüvvə gətirmişdilər.

Elə həmin gün bu qüvvələrin və Cəbrayıldakı yerli polisin və əsgərlərin köməyi ilə Daşbaşı postu geri alındı. Düşmən itki verərək geri çəkilmişdi. Həmin postda olan 20 nəfərə yaxın əsgərimizin meyitini elə hala salmışdılar ki, onları görən əsgərlərdən bir neçəsi özündən getmişdi. Əsgərlərimiz ermənilərə məxsus bir torba tapmışdılar. Orada narkotik maddələr olmuşdu, Bu narkotik maddələri qəbul edən ermənilər sanki bizim əsgərlərimiz üzərində cərrahiyyə əməliyyatı aparmışdılar. Budur özünü bütün dünyaya yazıq görkəmində göstərən ermənilər! Onları insan adlandırmaq olmazdı.

16 avqust 1993-cü il

Səhərə qədər yata bilmədim. Daşbaşında əsgərlərimizin başına gələnlər intiqama çağırırdı. Qana-qan! Daha belə yaşamaz olmaz.

Öz-özümə sual verirdim: nə üçün ermənilər geri çəkilən zaman bizim uşaqların meyitlərini özləri ilə aparmayıblar? Axı onlar həmişə belə ediblər. 1992-ci il 28 iyul və 15 avqust əməliyyatında da belə olmuşdu. Bəlkə psixoloji hazırlıqdır?

Səhərin açılmasını gözləyirəm. Heç bir şey yemədən, heç kəsə demədən polis şöbəsinin yeni binasına gəldim. Bir vaxtlar, yəni düz 1 il sərhədlərimizi qoruyan "Ziyalı” batalyonu da silahlanıb. Onun sıralarında müxtəlif baxışlı, siyasi əqidəsinə görə fərqlənən oğullar birləşmişlər. Onların ancaq bir fikri var idi: Torpaq, vətən! İndi onları bu birləşdirirdi. Əgər üstündə gəzdiyimiz bu torpaq yoxdursa mənə nə AXC, nə AMİP, nə də YAP lazım deyil. Rəisdən xahiş etdim ki, mənə də silah versinlər, döyüşmək istəyirəm. Silah verdilər. Soltanlıdan gələn könüllülərlə birlikdə azad olunmuş Daşbaşı postuna yola düşdüm. Səttar, Məhərrəm, Hacını indi də hörmətlə xatırlayıram.

17 avqust 1993-cü il

Daşbaşı postundan qıyıtdım. Silahı növbətçi polisə təhvil verdim. Rayon mərkəzi atəşə tutulduğundan əhali İranla sərhəd kəndlərinə köçürülürdü. Yük maşınlarına yüklənmiş ev əşyaları da aparılırdı. Polis idarəsinin binasında şəhər sakinləri Zəkəriyyə Hüseynov, İslam İsmayılov, Aygün, Məhəmmədəli Əliyev, Mahmud Quliyev polis rəisi Məhərrəmovla söhbət edirdilər. Məlum oldu ki, Hüseynov Zəkəriyyə, İslam İsmayılov, Aygün Bakıya respublika rəhbərliyinin yanına kömək istəməyə gedirlər. Məhəmmədəli Əliyev, Tahir Səmədov, Mahmud Quliyev gedənlərə yol xərci verirlər. Hamı onlara uğurlu yol arzulayır, vəziyyəti olduğu kimi danışmağı xahiş edirlər. Bakıda Ali Sovetin qabağında onları Cəbrayıl ziyalıları da gözləməli idi. Rəis onlara çatdıracaqdı.

Rəis postdan gələnlərə dincəlmək əmri verdi. Gözlərimizə yuxu getmir. Vəziyyət doğrudan da ağırdır. Cəbrayılı Ağdamın taleyi gözləmirmi? Füzulidə də şiddətli döyüş gedir. Axırı necə olacaq? Hamı narahatdır. Dincəlmək vaxtı deyil.

Gündüz saat 11-dir. Mahmud Quliyevin maşınında icra hakimiyyətinə gəldim.

Ardı var

Vaqif Əlisoy


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR