“Bu gün bizim hər birimizin ürəyi cəbhədədir. Biz bu gün çətinlik sözünü ifadə etməyəcəyik”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cəmiyyətin dəstəyinə ehtiyac olacaq: “Son zamanlar dünyada koronavirusa yoluxma sayında ciddi artımlar müşahidə olunub. Dünyada 38 milyondan çox təsdiqlənmiş COVID-19 xəstəsi var. Dünən ölkəmizdə isə yoluxma 530 olub. Bugünkü gündə 113 reanimasiyada olan xəstəmiz var, onlardan 16-sı süni nəfəs aparatına qoşulub”/Report.

O bildirib ki, sentyabrın 28-dən başlayaraq daima cəbhə bölgəsindəyik: "Bütün xəstəxanalarımız fəaliyyət göstərməkdədir”

Onun sözlərinə görə, xəstəxanalara ezam olunan və könüllü xidmət göstərən tibb işçiləri var:

“Bizim cəmiyyətdən çağırışımız odur ki, bu vəziyyətdə COVID-19 xəstələrinin artması bizim üçün ikinci cəbhənin açılmasıdır. Ölkəmizdə kifayət qədər dərman preperatları, süni nəfəs aparatları var. Biz heç bir halda COVID-19 xəstələrini diqqətdən kənar qoya bilmərik”.