Ariz Abduləliyev, 
91-lər istimai-siyasi hərəkatının üzvü, jurnalist 

***

İnkarolunmaz faktdır ki, 27 sentyabr, səhər saatlarında Ermənistan hərbi qüvvələri tərəfindən Dağlıq Qarabağda atəşkəsin növbəti dəfə pozulması, bununla bərabər ordumuza və mülki əhalimizə qarşı silah işlədilməsi nəticəsində Azərbaycan ordusu cavab olaraq əkshücum əməliyyatlarına başladı. İşğalın hüquqi məsuliyyəti kimi, müharibə və dağıntıların  məsuliyyəti  də məhz Ermənistan tərəfinin üzərinə düşür. 

Amma bəzi  xarici informasiya kanallarında və saytlarında Dağlıq Qarabağ müharibəsinə səbəb olaraq Azərbaycanın hücuma başlaması göstərilir.  Bu yalan məlumatda mənbə kimi həmişə məhz  Ermənistan müdafiə nazirliyinin və baş nazir N.Paşinyanın dezinformasoyalarına istinad olunur. N.Paşinyanın siyasi manipulyasiyalarından biri də budur ki, Dağlıq Qarabağ danışıqlarının pozulmasını da, müharibənin başlanılmasını da qəsdən Azərbaycanın üzərinə atsın. Bununla da o, öz yalançı və idiot xislətinə rəğmən Dağlıq Qarabağ probleminin həllində, həm də Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanı qəsdən "destabil tərəf" kimi tanıtmaq niyyəti güdür. Təəssüf ki, Rusiyanın və bəzi ölkələrin telekanalları, informasiya saytları, siyasi şərhçiləri qeyri-obyektiv məqsəd və mövqe tutaraq N.Paşinyanın bu dezinformasiyalarını və müharibəni qızışdırmaq cəhdlərini yayır, dəstəkləyir, təbliğ edirlər. Müharibə haqqında siyasi təhlil, ideya və informasiya cəbhəsində  məlum maraqlı xarici ölkələrin, xüsusilə Rusiyanın bəzi KİV-lərinin Azərbaycana qarşı qərəzli "döyüşü", dezinformasiya fəaliyyəti açıq-aşkar görünən və bilinən faktdır. Bəzən də məsələ belə "bitərəf" şəkildə qoyulur ki, "müharibənin başlanılmasında iki ölkə bir-birini ittiham edir". Əslində belə saxta, qərəzli, ikili mövqeyin özü də dolayısı ilə Ermənistanın işğalını, hərbi təxtibatlarını, beynəlxalq hüquqa zidd mövqeyini, dezinformasiyalarını dəstəkləmək deməkdir, onu "haqlı tərəf" kimi göstərməyə cəhddir.  

Heç kimə sirr deyil ki, Ermənistan uzun illər atəşkəsi rejimini az qala hər gün pozub, dəfələrlə hərbi təxribatlara əl atıb.

Mənə elə gəlir ki, son 15-20 ildə Ermənistanın atəşkəsi pozması barədə ölkəmizin, Rusiyanın, Türkiyənin, MDB ölkələrinin xəbər saytlarında yer almış bütün informasiyaları bir yerə toplayıb, onların xronologiyasını tərtib etmək lazımdır. 
Əvvəlla, bu xronoloji toplu Dağlıq Qarabağ probleminə dair hüquqi, tarixi və siyasi sənəd mahiyyəti daşıya bilər.  İkincisi, həmin informasiyaların xronoloji qaydada tərtibi Dağlıq Qarabağ probleminə münasibətdə Ermənistanın hərbi təxribatlarını, məqsədyönlü pozuculuq faktlarını və beynəlxalq hüquqa zidd əməllərini xronoloji qaydada əks etdirəcəkdir. Üçüncüsü, bu xronologiya əslində müharibəyə aparan əsas səbəbin "verilənlər bazası" kimi Ermənistanın işğalçılıq siyasətinə, hərbi təxribatlarına və danışıqları pozmasına ən tutarlı, inkarolunmaz sübut ola bilər. Nəhayət, tərtib olunacaq xronoloji toplu əsaslı bir istinad mənbəyi kimi də, tarixi, siyasi və hüquqi sənəd kimi də mütəxəssislər, KİV-lər tərəfindən istifadə oluna bilər. 

Son 15-20 il ərzində atəşkəsin pozulması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatları, eləcə də AzərTac-ın, AzTV-nin, həm də rusdilli və ingilis dilli saytlarımızın informasiyaları arxivlərdə saxlanılır. Rusiyanın və digər xarici KİV-lərin də bu barədə informasiyalarını əldə etmək çətin deyil. 

Deməli, Ermənistan tərəfindən uzun illər atəşkəs rejiminin qəsdən pozulmasının xronologiyasını əks etdirən sənəd hazırki müharibənin başlanmasında, danışıqların pozulmasında məsuliyyəti bir daha faktiki və hüquqi olaraq Ermənistanın üzərinə qoya bilər. Bu baxımdan, həmin xronoloji sənəd hazırlanaraq beynəlxalq təşkilatlara, ölkələrin rəhbərlərinə, xarici ölkə səfirliklərinə, aparıcı telekanallara, siyasi təhlil mərkəzlərinə, KİV-lərə, kitabxanalara, işğal olunmuş rayonların icra orqanlarına və s. göndərilməlidir. 

Ermənistan tərəfindən uzun illər ərzində atəşkəsin pozulmasını, bununla hər dəfə Azərbaycanın dinc əhalisinə və ordusuna qarşı hərbi təxribatın aparılmasını və ziyanın vurulmasını əks etdirəcək bu xronologiya toplusu düşmənin dezinformasiyalarını və ideya savaşını beynəlxalq miqyasda ifşa edən ən güclü sənədlərdən, təkzibolunmaz mənbələrdən biri ola bilər.             

Mia.az