Xəbər verdiyimiz kimi, iyulun 30-da Sumqayıtda dənizdə 2 nəfərin batması barədə məlumat yayılıb.
Mia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib.
Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Pərviz Vəliyevin axtarışları isə az əvvəl nəticə verib.
FHN-nin məlumatına görə, Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yazıçı Şərif Ağayar isə sosial şəbəkədə yazıb ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur: “Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”.
Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.