Aygün Muradxanlı

***

Unutmusunuzsa, yadınıza salım – 2 həftə öncə Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndinə hücum etdilər. Biri general, 4 zabit, 8 əsgər, 1 mülki şəxs qurban verdik. Dildə demək asandır...

Təsəllimiz Ermənistan Silahlıq Qüvvələrinin almağı çox istədiyi Qaraqaya yüksəkliyində Azərbaycan ordusunun bir qədər də möhkəmlənməsidir.

Savaşla paralel Bakıda yüzmininlərin qatıldığı yürüş oldu – vətəndaşlar orduya dəstək üçün küçələrə çıxdılar. Xalq Ermənistanın Azərbaycan torpaqlarının işğalını genişləndirmək planına Qarabağda cavab verilməsini istədi. 27 ildə heç zaman görünməyən milli birlik yarandı. Siyasi kimliyindən, ictimai fəallığından asılı olmayaraq minlərlə insan ərazi bütövlüyünün bərpası üçün əlindən nə gəlirsə, etməyə hazır olduğunu bildirdi.

Sonra... hardansa bir əl prosesləri tərsinə çevirdi. 1 həftədir bir-birimizi didib-dağıdırıq... Əsasən kənardan körüklənən daxili gərginlik arzuolunmaz müstəviyə keçir.

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağdan kənar ərazilərini hədəf alması, ölkənin qan damarları olan enerji xətlərini savaşın ortasında qoymaq istəyi, Rusiyanın yenidən Qarabağa ordu yeritmək cəhdi, keçmiş SSRİ ərazilərini yenidən nəzarətinə keçirmək üçün konstitusyon zəmin yaratması... dövlət müstəqilliyimizə ÇOX ciddi təhdid olan bunca ciddi məsələlərin hamısı yadımızdan çıxıb. “Başımızı aşağı salıb” ən sevdiyimiz işlə məşğuluq – içimizdə düşmən axtarırıq.

Heç şübhəsiz o düşmən var. Ancaq bizim zamanımızı nəticəsini düşünmədiyimiz daxili çəkişmələr aldığından onun meydanını daraltmağa gücümüz çatmır.

Müstəqilliyimizin bərpasından keçən 30 ilin təcrübələri daxildəki milli birliyin xarici təcavüzə qarşı ən güclü silah olduğunu bizə çoxdan öyrətməliydi. Biz çoxdan anlamalıydıq ki, Azərbaycanda güclü dövlət, azad cəmiyyət qurulmasını əngəlləmək istəyən qüvvələr daxildə gərginlik yaradıb cəmiyyəti üz-üzə qoya biləcək ən kiçik fürsəti belə qaçırmaq istəmirlər. Çıxış yolu planı kənarda cızılan pravokasiyalara qarşı hər birimizin yüksək həssaslığımızdır.

Xarici təcavüz davam edir. Aktiv hərbi əməliyyatların Azərbaycanın hansı bölgəsində bərpa ediləcəyini proqnozlaşdırmaq çətindir. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin ərazimizdə keçirdikləri ortaq təlimlər bizə dost olmayanları çox ciddi narahat edib. Ermənistan Ordusunun 30 ildir Azərbaycan torpaqlarında yerləşməsi qarşısında israrla susanlar Türkiyə Silahlı Qüvvələrinin gəlişini az qala işğal faktı kimi qələmə verirlər. Demək, düz yoldayıq. Demək, qardaş ölkənin ordusu ilə bərabər düşmənə güc göstərimizi diplomatik uğurlarla daha uzunmüddətli prosesə çevirməyin zamanı gəlib.

Bu məsələdə ordu və diplomatiya ilə bərabər vətəndaş cəmiyyətinin də üzərinə çox ciddi yük düşür. Cəmiyyəti vahid düşmənə qarşı səfərbər etmək, daxili gərginliyə yönələn çıxışları anında “zərərsizləşdirmək” üçün vətəndaş cəmiyyəti institutları çoxdan “vəzifə başında” olmalıydılar. Təəssüf ki, bu məsələdə açıqlarımız böyükdür - vətəndaş cəmiyyəti institutlarının səsi heç Turgenyevin lal qəhrəmanın səsi qədər gəlmir. Sanki ölkədə ümumiyyətlə belə bir sektor yoxdur.

Vaxtı çatanda QHT sektorunun bərbad durumunu da müzakiyə edəcəyik. İndi mövzumuz Azərbaycanda iki cəbhə açmaq istəyən qüvvələrə qarşı əldəki resurslarla mübarizə aparmaqdır. Boş vaxtınız olanda, regionda marağı olan ölkələrin Orta Doğuda bir neçə il öncə başlayan və hələ də bitmək bilməyən savaşlara münasibəti haqqında oxuyun. “Hər ölkə prosesləri öz marağına uyğun yazır” deyib keçməyin, həqiqət sizə məhz o müxtəlif baxışlarların arasından görünəcək. Əmin olacaqsınız ki, ölkələri zəlil günə qoyub milli sərvətlərini talamaq planları hər ölkədə eyni məqamdan – daxili və xarici cəbhələri eyni vaxtda açmaqdan başlayıb.

Seçimimiz var. Daxildə birləşib bütün gücümüzü xarici təcavüzə qarşı yönəltmək imkanlarımız tükənməyib. Çevrəmizdə bizi istəməyənlər qədər, onların gözünə ox kimi batan dostlar da varsa, biz niyə Suriya olmağı seçək?

Mia.az