Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
****
25 il əvvəl dünyasını dəyişən Azərbaycanın Xalq yazıçısı, görkəmli nasir, yazıçı, publisist, ədəbiyyatşünas, pedaqoq, ssenarist İSMAYIL ŞIXLININ xatirə günüdür. Ehtiramla xatırlayaq. Ruhu şad olsun.
Onu kişilik, ağalıq simvolu hesab edirdilər.
O, sözün əsil mənasında, şəxsiyyət idi.
İşıqlı ziyalı, gözəl pedaqoq, dəyərli alim, təəssübkeş azərbaycanlı və əsil İnsan idi. Təmkinli danışığı, həlim səsi, astagəl yerişi, hətta baxışı, həm də gözəlliyi ilə, sözün əsil mənasında nümunə idi.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Uşaqlıq hafizəmdə qalan Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri Barat Vüsalın İsmayıl Şıxlının xatirəsinə həsr olunan çox sevdiyim bir şerini xatırlayıram:
"İSMAYIL ŞIXLINI MƏN HARDAN ALIM?!"
Gəlib səsimizə səs verə idi,
Bir də hamımıza dərs verə idi?
Adamlıq nə şeydi... göstərə idi,
Qalib gələsiydi dərya kamalım,
İsmayıl Şıxlını mən hardan alım?!
Asta tərpənişi, usta yerişi?
Düşmənə nifrəti, dosta gülüşü,
Başında özü tək bir-iki kişi,
Görsəniz, siz Allah, bir «Cəngi» çalın,
İsmayıl Şıxlını mən hardan alım?!
Nə qorxu, nə də ki qanun yeridi,
Barat məni çəkən qanın yeridi,
Nə indi deyirəm onun yeridi,
Amalı, əməli düz ağsaqqalım,
İsmayıl Şıxlını mən hardan alım?!
Nə qədər gözəldi! Elə deyilmi?!
***
Böyük yazıçımızla bir az da yaxından tanış olaq.
QISA ARAYIŞ:
Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazağın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. "Azərbaycan" jurnalında baş redaktor (1976- 1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur.
İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi.
İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır.
Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı...
***
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
O, xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır.
QEYD:
Yazıçının ən sevilən əsərlərindən olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təziqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.
İsmayıl Şıxlı ictimai işlərdə də fəal çalışıb. 1986-cı ildə Yazıçılar İttifaqına sədr seçilib. Lakin 1987-ci ildə öz ərizəsi ilə sədrlikdən ayrılıb. Səbəb olaraq isə deyib: “Yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm”.
***
Şəkər xəstəliyindən gözləri tutulan yazıçı “Ölən dünyam" əsərini həyat yoldaşına diktə edərək yazdırıb. Daha sonra əsərini üzündən oxudaraq deyib: “Artıq rahat ölə bilərəm”.
Ötən il, 28 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamış və onun adını yaşadan müxtəlif mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Qeyd edək ki, İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Və son söz:
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami CƏFƏROV haqlı olaraq demişdir:
"İ.Şıxlının həyat və yaradıcılığı üzərində düşünən hər bir tədqiqatçı, birinci növbədə, təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür: bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı olubsa, o qədər ədəb-ərkanlı olub və "nəsildən, kökdən gələn mədəniyyət" öz yerində, eyni zamanda güclü təlim-tərbiyə məktəbi keçmişdir.
İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir. Bizim milli sərvətimiz olan böyük şəxsiyyət İsmayıl Şıxlını unutmağa haqqımız yoxdur.
İllər keçəcək, nəsillər dəyişəcək, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam"ın... ölməz müəllifi, böyük yazıçı, böyük Adam, böyük Müəllim İsmayıl Şıxlı heç vaxt unudulmayacaqdır.
Mia.az