Seymur VERDİZADƏ
***
Vüqar Səfərli və hamiləri vəzifədən çıxarılandan sonra mətbuatda sağlam mühit yaranıb. İqtidar qəzetlərində 300-400 manat maaş alan jurnalistləri indi heç kim trolluq etməyə məcbur eləmir. Heç kim qrant alan QHT rəhbərlərinə minnət qoymur. AzTV-yə adamları ancaq mədhiyyə deməyə çağırmırlar. Alternativ fikrə görə dözümsüzlük tədricən aradan qalxır, fərqli düşünən insanların meydanı genişlənir...
Yaranmış siyasi şərait ən çox jurnalistlərin marağına cavab verir. Əlimizin üstündə əl yoxdur. Bir müddət əvvəl general-polkovnik Elçin Quliyevi tənqid edəndə, başımın ağrımayacağına əmin idim. Hansı ki, həmin yazını bir il əvvəl yazsaydım, saytda bir saat da qala bilməzədi. “Ağ Ev”dəki qara xislətli adamlar o qədər yazılarımı saytların “qara qutu”suna göndəriblər ki...
Bir neçə gündən sonar Azərbaycan mətbuatının yaranmasının 145 illiyi tamam olacaq. Ötən il bu vaxt “Jurnalistin göy alçaya möhtac olması” adlı məqalə yazmışdım. Bu həmin vaxt idi ki, ələbaxan qələm adamlarının gözü qapıda qalmışdı. Jurnalistlər nazirliklərdən, ayrı-ayrı idarələrdən gələcək səbətlərin yolunu gözləyirdilər. Vüqar Səfərli öz hamiləriylə birlikdə Azərbaycan jurnalistlərini göy alçaya möhtac qoymuşdu.
Mən demirəm ki, beş-altı ay ərzində jurnalistlərin maddi vəziyyəti yaxşılaşıb, hamının pulu başından aşır. Mən deyirəm ki, bu beş-altı ay ərzində jurnalsitlər öz istedadlarına daha çox güvənməyə başlayıblar. Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Bir anlığa təsəvvür edək ki, Vüqar Səfərli öz hamiləriylə birlikdə vəzifəsini qorumağı bacarıb.
Sizcə, nə baş verərdi?
Mən deyim: ev, fəxri ad almaq istəyən jurnalistlərin ən azı yarısı indi bu adamlara yaltaqlanırdı. KİV Fondunu, bir müddət əvvəl tarixin arxivinə göndərilmiş ictimai-siyasi şöbəni tərifləmək üçün növbə yaranacaqdı. İşini “ehtiyatlı” tutmaq istəyənlər nazirlərə, sözü keçən icra başçılarına, az-çox nüfuz sahibi olan deputatlara “podxod” edəcəkdilər. Yaltaqlıq özünün ən iyrənc formasını alacaqdı. Öz ləyaqətini evdən, fəxri addan üstün tutan jurnalistlər utanıb yerə girəcəkdilər.
İndi nə baş verir?
Bu məsələləri jurnalistlər öz aralarında müzakirə edirlər. Sosial şəbəkələrdə siyahılar tutulur, namizədlər irəli sürülür. Düzdür, yenə bəzi fürsətçillər özlərini həmin siyahılara dürtüşdürməyə çalışırlar. Amma əsas odur ki, ev, fəxri ad almaq üçün heç kim yaltaqlıq eləmir. Çünki belə bir mühit yoxdur. Mühit olmadığına görə də bu cür davranmağa lüzum yoxdur.
Allah ehtiyacı olan jurnalistlərin hamısına ev qismət eləsin. Allah fəxri ad almağa haqqı çatan jurnalistlərin hamısına fəxri ad qismət eləsin. Allah bizə bir də dəvənin ovsarının eşşəyin quyruğuna bağlandığı mühitdə yazıb-yaratmağı qismət eləməsin...
Yenisabah.az