Vaqif ƏLİSOY
***
Dəyərli dostlar, yəqin ki, " Xəzər TV" nin yeni direktoru Murad Dadaşovu sizlərə tanıtmağa ehtiyac yoxdur.
Bu gün səhər - səhər dəyərli idman jurnalistimiz Anar Xanlarovun aşağıda sizə təqdim etdiyim kiçik, ancaq hamımızı narahat edən statusuna rast gəldim və mən də onun fikirlərinə qüvvət verib bu məsələyə münasibət bildirmək (artıq neçənci dəfə) istəyirəm.
Mən və Azərbaycanı, onun gələcəyini düşünən insanlar dəfələrlə Azərbaycanda fəaliyyət göstərən telekanallar haqda müxtəlif zamanlarda tənqidi fikirlərimizi yazmışıq, ən yüksək dairələrə. Şəxsən mən dəfələrlə o vaxtkı sədr Nuşiravan Məhərrəmli ilə telefon əlaqəsi saxlayıb, iradlarımı bildirmişəm. Söhbət zamanı həmişə deyib ki, bizim onların işinə qarışmağa ixtiyarımız yoxdur. Həm də onların arxasında elə adamlar durur ki, adamı məhv edərlər.
Nuşiravan Məhərrəmli vəzifəsindən azad olundu və yerinə cavan bir kadr təyin olundu. Nə dəyişib şuranın işində? Heç nə! Köhnə hamam, köhnə tas.
Hara baxır ziyalı kəsim? Hara baxır millət vəkilləri?
Sonra da deyirlər ki, bizi söyürlər, bizi təhqir edirlər! Bəlkə düz etmirlər? Görmürsünüz ki , bu kanallar xalqı , milləti düşündürən məsələlərdən yox, ona yabançı olan verilişləri efirə çıxarmaqla millətin əxlaqına böyük zərbə vururlar.
Bax, elə həmin " Xəzər TV"nı götürək. Bu kanalla " Ata ocağı" adlı bir serial nümayış etdirilirdi. 596 bölüm keçən həftəyə qədər nümayiş etdirilib. Bu serial nə verib millətə? Vallah - billah mən utanıram bu haqda danışmağa. Eləcə də digər kanallar. Erməni bizi cismən öldürür, bunlar da mənən. Ona görə gənclərimiz Quba ilə Qubadlını səhv salır. Bu millərin, bu dövlətin, bu bayrağın yolunda qan tökmüş , şəhid, əlil, qazi olanları tanıtmaq əvəzinə, şou ailəminin " ünlü" simalarını, onların topdağıtmaz villalarını təbliğ edirlər.
Əzizlərim, bir tənqidi fikir söyləyəndə iqtidar nümayəndələri və onlara züy tutanlar "ölkəmiz müharibə şəraitində yaşayır " - deyə haray - həşir salırlar.
İndi mənə deyin görüm, həmin kanallarda müharibə şəraitini hiss edirsinizmi? Baxın. Ağdamın Qərvənd kəndindən Camal Əhmədov adlı ağsaqqal bir Qarabağ veteranı var. 5 - 6 ildir " Yurda qayıdış " təbliğatını apara - apara xəstə duruma düşsə də, öz yutub kanalı ilə gecə - gündüz "Qarabağ! Qarabağ ! " - deyə özünü öldürür. Yaxşı nə olar bir dəfə də bu kişini çağırın o efirinizə və soruşun ki, a kişi, sənin dərdin nədir, sən nə.istəyirsən?
Yaxşı Camalı dəvət etmirsiniz, lap yaxşı. Başqasını dəvət edin. Soruşun bu Qarabağ camaatından ki, a qarabağlılar, nə edirsiniz , dərdiniz, azarınız nədir? 27 ildir evinız - eşiyiniz qalıb düşmən tapdağında. O yurda qayıtmaq əvəzinə, Bakıda ev tələb edirsiniz. Bəlkə, heç onların belə bir istəyi yoxdur!. Elə isə niyə özümüzü öldürürük ki? Başımızı aşağı salıb dolanırıq da! Erməni də bizim əvəzimizdən o torpaqda bildiklərini edir, biz də onların qurub yaratdıqlarını paylaşmaqla hay - həşir salırıq ki, ay aman, qoymayın bəs erməni Qubadlıda, Kəlbəcərdə yol çəkir, Cəbrayılda, Zəngilanda qəsəbələr salır. Xeyri olurmu? Heç tükləri də tərpənmir.
Ölkədə hər gün konoravirus can almaqdadır. Yoluxma pik həddinə çatıb. Bəs telekanallar bu ağır gündə nə edir? Niyə hər gün bu müğənnıləri efirə çıxara bilirsiniz, amma canınız çıxır həkimlərimizi efirə çıxarıb maarifləndirici söhbətlər aparmaq heç qulağınızdan da keçmir. Koronavirus Azərbaycanda bütün problemləri üzə çıxardı. Məlum oldu ki, sən demə işsizliyin səviyyəsi heç də deyilən kimi deyilmiş. Məlum oldu ki , yoxsulluğun səviyyəsi hansı dərəcədədir. Belə məsələlərin müzakirəsini telekanallarımızda bu günə qədər gördünüzmü?
Çox məsələlər haqda yazmaq olar. Rayonlarımızda su qıtlığının olması, şübhəli yanğınların baş verməsi , konoravirusun gətirdiyi bəlalar, Qarabağ cəbhəsində baş verən atəşkəsin pozulma halları, Putinin və ermənilərin hədələri hər kəs kimi məni də narahat edir. Vətənini, dövlətini, xalqını, millətini, bayrağını düşünən hər kəs ayaqda olmalıdır. Bu VƏTƏN bizim! Ondan can əsirgəyən namərddir. ALLAH AZƏRBAYCANIMIZI QORUSUN!! AMİN!!
P.S. Bu sətirləri yazan zaman ( 5 iyul saat 10.55) yenə bütün kanallarımızda çal - çağırdır!!
Mia.az