Saleh MƏMMƏDOV,
Professor
****
Bu araşdırma üzərində xeyli vaxtdır ki, gərgin iş aparırıdım. Nəhayət ki, tam olmasa da müəyyən nəticə hasil oldu.
Əvvəllər yalnız müstəqil Azərbaycan Universitetlərinin təhlili üzərində iş aparırdım, amma dolğun nəticə əldə edə bilmirdim. Bu dəfə mən dünya miqyasında Azərbaycanlıların yaratdığı universitetlərin hamısı haqqında bilgi toplamağa və ümumi bir mənzərə almağa çalışdım. Bu reytinq cədvəlinə bir neçə ölkələrdə fəaliyyət göstərən Azərbaycanlıların qurduğu universitetləri daxil etməyə çalışdım. Universitetlərin çoxu Cənubi Azərbaycanda (İran) yerləşir, ikinci yeri Müstəqil Azərbaycan tutur, üç universitet Türkiyə ərazisində, biri İraq və biri isə Rusiya Federasiyası ərazisində yerləşir. Qeyd etmək lazımdır ki, Azərbaycanlıların (Qaşqayların) Şiraz bölgəsində, Tehran ətrafında və Azərbaycanlıların sıx yaşadığı bir sıra digər bölgələrdə yerləşən universitetlər, həmçinin başqa universitetlərin Cənubi Azərbaycan bölgələrində yerləşən filialları bu cədvəldə nəzərə alınmamışdır. Mənbə kimi bir neçə beynəlxalq reytinq təşkilatlarının (QS, THE, ARWU, CWUR, Webometrics və s ) və həmçinin müvafiq ölkələrin təhsil nazirliklərinin məlumatlarından istifadə olunmuşdur.
Ümumi vəziyyət
Daha çox təhsil mövzusunda bədii əsərlər müəllifi, Amerika yazıçısı Con Peterson deyir ki, vəziyyətiniz yaxşı olanda təhsil xərclərini iki dəfə, pis olanda dört dəfə artırın. Təəssüf ki, biz isə nə yaxşı olanda artıra bildik, nə də koronavirusla əlaqədar dərin böhran zamanı bu ümumi meylə əməl edə bildik. Əksinə böhranın xeyli yükünü təhsilin və elmin üstünə yükləməyə üstünlük verdik.
Dünya miqyasında Azərbaycan Universitetləri
Ümumiyyətlə, Azərbaycan universitetləri dünyanın müasir inkişaf səviyyəsinə cavab verməkdən çox uzaq vəziyyətdədir. 50 milyonluq bir xalqın birinci minliyə düşən bir dənə universiteti yoxdur. İlk yeri tutan Təbriz universiteti yalnız 30 min dünya universitetləri içərisində 1277-ci yeri tutur. Müstəqil Azərbaycan xaricində fəaliyyət göstərən Universitetlərin hamısı başqa dillərdə və başqa prinsiplərlə fəaliyyət göstərir və demək olar ki, Azərbaycan xalqı ilə ciddi əlaqələri yoxdur. Amma nəzərə alsaq ki, bu universittelər böyük potensiala malikdir, həmin potensialdan məntiqlə istifadə olunması Azərbaycan xalqı üçün çox böyük fayda verə bilərdi. Hazırkı dövrə qədər belə bir addımın atılması ya mümkün deyildi, ya da ciddi problemlər yarada bilərdi. Dünya miqyasında yüksək texnologiyaların sürətli inkişafı, rəqəmsal dünyaya keçidin təmin olunması, bununla əlaqədar olaraq fiziki sərhədlərin aradan qaldırılması bu böyük potensialdan xalq naminə istifadə etməyə imkan verir. Lakin həm bu potensialdan istifadə olunmur, həm də əsas açar mərkəz olan müstəqil Azərbaycanda təhsil və elmdə nisbi geriləmə daha sürətlə davam edir və vəziyyəti daha ciddi gərginləşdirir.
Sovet Azərbaycanı universitetləri Müstəqil Azərbaycan universitetlərindən nisbi olaraq daha güclü idi.
Sovet sisteminin tərkibində Azərbaycan universitetləri nisbi olaraq daha yüksək reytinqə malik idilər. UNESKO-nun məlumatlarına görə keçən əsrin 60-70-ci illərində Sovet təhsil sistemi dünya ölkələrinin reytinq cədvəlində 3-5-ci yerləri bölüşdürürdü. Yəni ən zəif variantda Sovet universitetləri birinci yüzlükdə özünə ciddi yer eləmişdilər. Azərbaycan universitetləri nə qədər zəif olsa da SSRİ məkanının yüksək təsiri nəticəsində dünya üzrə birinci beşyüzlükdə əsaslı yer tutmuşdular: BDU, AZİ, APolitexnik və digərləri dünya miqyasında öz təsirini göstərmiş univeritetlərdən idi. Cənubi Azərbaycan, Türkiyədə və İraqdakı Azərbaycan universitetləri dünya reyting cədvəlində Sovet Azərbaycanı universitetlərindən dəfələrlə geri qalırdı.
Müstəqillik təhsil və elmə qarşı???
Müstəqillik əldə etdikdən sonra bu ənənə nəinki inkişaf etdirilmədi, tam əksinə, təhsilin inkişafına diqqət azaldıldı, elm, ümumiyyətlə, sıradan çıxarıldı, yəni faktiki olaraq sıfırlandı. ÜDM də təhsil xərclərinin payı sürətlə düşməyə başladı, təhsilə diqqət zəiflədi, dünya reytinq cədvəllərində Azərbaycanın yeri pisləşdi, Elmin inkişafı heç yoxsa, iqtisadiyyatın inkişafı templərinə uyğunlaşdırıla bilmədi və yalnız nisbi deyil, hətta mütləq mənada böyük düşüşə uğradı. Bu gün Azərbaycanın elm xərcləri mütləq rəqəmlərlə 1985-ci il Sovet azərbaycanının elm xərclərindən 2 dəfəyə yaxın azdır, ÜDM-də pay üzrə isə 10 dəfə azdır. Əgər 1985-ci ildə Azərbaycan alimləri ildə 1300-1500 patent təqdim edirdisə, bu gün bu rəqəmlər 10 dəfə azdır.
Elm və təhsil bu günkü qədər böyük önəm daşımamışdır və ya elmsiz müstəqil yaşamaq sadəcə mümkün deyil.
“Cəmiyyətdə öz mövqeyini saxlamaq üçün daimi qaçmalısan, kimisə ötmək istəyirsənsə daha sürətlə qaçmalısan, hamını ötmək fikirindəsənsə, hamıdan daha sürətlə qaçmalısan” (Amerikanlıların atalar sözü). Bu gün klassik dünyadan virtual (rəqəmsal) dünyaya keçid ərəfəsində yaşayırıq. Virtual dünya bütöv elm üzərində qurulmuşdu: electron sistem, electron idarəetmə, süni intelekt, maşın öyrənmə, robotlaşma, proqramılşama, süni intelektin təbii intelekti üstələməsi, data sayəns, neyroşəbəkələr, yeni planetlərin zəbti, onların resurslarının mənimsənilməsi və s. Bunu elmə məlum kainatın bütün sakinləri yerinə yetirirlər və sürətlə irəliləyirlər. Avropalılar yola kosmik raketlə çıxırlarsa, bizim onlarla at arbası ilə ayaqlaşmağı düşünürüksə, deməli, yanlış yoldayıq, raketin bir saata qət etdiyi yolu at arabası ilə biz milyon ilə də gedə bilmərik. Demək, biz onların istifadə etdiyi raketdən daha üstününü ixtira etməliyik ki, bu qədər geriliyi aradan qaldıraq və heç olmasa onlara çataq. Bunun da yeganə yolu əvvəl təhsil və elmdir. Sadəcə, elmsiz və təhsilsiz sərbəst yaşamaq mümkün deyil: ya yüksək təhsil və elmlə müstəqil yaşamalıyıq; ya da köləliyə razılaşmalıyıq.
Bu gün köləlik təhlükəsi var
Müstəqillik əldə etdikdən sonra aparılan elm və təhsil siyasəti daha çox köləlik əlamətlərini əks etdirir. Böyük Atatürkün bu sözü sanki bizim bu günkü vəziyyətimiz üçün deyilmişdir: “Bir şey istehsal etməyən millət əvvəl ləyaqətini, sonra müstəqilliyini və sonda hər şeyini itirməyə məhkumdur”. Hazırda təhsil və elm ən böyük sənayeyə, istehsalat kompleksinə və gəlir mənbəyinə çevrilmişdir. Azərbaycan isə bir dənə olsa belə elmi məhsul istehsal etmir, sənaye 110 il bundan əvvəlki Çar Rusiyası Azərbaycanının sənayesindən xeyli geri qalır. Hətta, təbii resusrs olan neftin çıxarılması və email da başqa ölkələrin şirkətləri tərəfindən həyata keçirilir. Bir dənə olsa belə rəqəmsal texnologiya istehsalı, müstəqil proqram təminatı istehsalı yoxdur. Proqramlaşma industriyası elmin ən iri istiqaməti kimi ən böyük gəlir mənbəyinə çevrilən rəqəmsal idarəetmə şəraitində ölkədə heç bir müstəqil təhlükəsiz və milli proqram işlənməmişdir. Data sayəns, maşın öyrənmə, koqnitiv sayəns və s kimi ən yeni elm sahələri və kadr hazırlığı ümumiyyətlə gündəlikdə deyil.
İki istisna, əmması ilə
Müstəqillik illərində təhsil və elm sahəsində iki müsbət cəhəti qiymətləndirməmək haqsızlıq olardı:
1. Test üsulu ilə qəbul Azərbaycan təhsil sisteminə və xarici ölkələri mütəxəssislərlə təmin etməyə xeyli kömək etdi. Böyük insanlar Ə. Elçibəy və V. Əyyubun qəti səyləri və sonrakı rəhbərlərin hamısının bu işə dəstək verməsi qonşularla müqayisədə ciddi irəliləyiş imkanları yaratdı. Amma, 18 il əvvəlki qəbul qaydaları bu gün rəqəmsal dünyaya keçid şəraitində ciddi səmərə verə bilməz, kəskin təkmilləşmə tələb edir.
2. Təhsil nazirliyinin yeni rəhbərliyinin islahat istəkləri 2020-ci ildə bəzi ümidverici nəticələrə nail olmağa imkan vermişdi. 2020-ci il büdcəsində təhsil və elm büdcəsinin 40% artırılması, təhsil xərclərinin ÜDM-da payının xeyli yüksəldilməsi, həmçinin bu proqrama uyğun olaraq, ciddi tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Amma koronavirus böhranı bu planın yerinə yetirilməsini yenidən təhlükə altında qoydu. Adətən, vəziyyət gərginləşəndə, hökümətlər elm və təhsil xərclərini xeyli artırırlar. Azərbaycanda isə ənənvi olaraq, bütün maliyyə çatışmazlıqları təhsil və elm xərclərinə qənaət hesabına örtülməyə başladı.
Ənənəvi “Nə etməli” sualına qısa cavab
Bu problemin tədqiqatı ilə uzun müddətdir ki, məşğulam. Bir neçə konsepsiya, proqram hazırlayıb, bütün yuxarı orqanlara və mətbuata təqdim etmişəm. Bu tədbirlərin hamısını yenidən təkrarlamadan ən ümumi və təcili olan bir neçə istiqamət haqqında fikirimi bildirmək istərdim.
1. Dünya bankının “World class university” (Dünya səviyyəli universitet) layihəsinə uyğun olaraq heç olmasa bir və ya iki universitet qurulması çox vacibdi. Dünya bankının hesablamalarına görə tam yeni universitet qurulması üçün təqribən 1 milyard dollar, yenidən qurulma üçün isə 500 milyon dollar tələb olunur. Belə bir universitetlər dünya bankının kredit köməyi ilə və həmçinin bütün cəmiyyətin maliyyə gücünün, xüsusilə H. Əliyev fondunun, Neft fondunun, iri biznes strukturlarının, diaspora biznes qruplarının imkanlarının səfərbərliyə alınması (Endowment fondunun yaradılması) ilə maliyyələşə bilər. Bu universitetlərdən biri AMEA-nın bütöv bir təhsil və elm kompleksinə çevrilməsi yolu ilə yaradıla bilər, digərini isə Azərbaycan universitetlərindən birinci üçlüyə düşən BDU, ADA və UNECkimi üç universitetdən birinin bazasında yaratmaq mümkündür. Digər universitetlərin hamısının maliyyələşdirmə və idarəetmə mexanizmini bu pilot layihələr əsasında həyata keçirmək zəruridir. (Qonşu və dost Gürcüstanın biznesmen rəhbərlərindən biri İvanaşvili öz vəsaitləri hesabına bu ölkədə Avropanın ən böyük universitetinin yaradılması üçün 1 milyard evro ayırdı və universitet artıq hazırdı, indi bu ölkənin 5 universiteti birinci minliyə düşmüşdü, Ermənistanın bir universiteti minlikdədi, Azərbaycan rəhbərləri adına saysız hesabsız məscidlər, camilər, mərasim evləri tikilmişdir).
2. Rəqəmsal dünyaya keçid şəraitində dünya təhsilinin rəqəmsallaşdırılması on il əvvəl başlamışdı, əksəriyyət İEÖ-lərdə beynəlxalq təhsil proqramları, rəqəmsal dərsliklər, rəqəmsal “müəllimlər” hazırlanmış, tətbiq olunmuşdur. Təəssüf, bizim ölkəmizdə ayrı ayrı zəif tədbirlər istisna olmaqla hər hansı ciddi addım atılmamış, rəqəmsal Azərbaycan dili yaradılmamışdır. Təhsilin rəqəmsallaşdırılması prosesi, onlayn təhsilin formalaşması yalnız koronavirus məcburiyyəti başlayandan sonra addımlar atılmağa qərar verildi. Təhsil nazirliyinin problemə ciddi yanaşması nəticəsində keçən dörd ay ərzində onlayn təhsilin formalaşması istiqamətində bir neçə ilin işi görüldü, rəqəmsal savadsızlıq xeyli yumşaldıldı, 100 minlərlə müəllim və tələbə rəqəmsal sistemlərdə, proqramlarda işləmək qabiliyyəti, bilgi əldə etdi. Amma bu iş kompleks olaraq həyata keçirilməlidir: Qarışıq – təhsil sisteminə keçilməsi, bir dərsin məktəbdə və ya universitetdə, digərinin onlayn keçirilməsi ilə prosesin tənzimlənməsi; (bu təklif WEF və Caspian Week-in keçirdiyi onlayn konfransda məruzə olunmuş və qəbul olunmuşdu); universitetlərin tam rəqəmsallaşdırılması, bütün modullar və təhsil növləri üzrə smart sistemin qurulması və vahid mərkəzdə birləşdirilməsi; bütün tədris vəsaitlərinin, dərsliklərin və tədrisin rəqəmsallaşdırılması, dövri yenilənmə (update) prinsipi əsasında elektron dərsliklər-müəllimlər kompleksinin qurulması (data sayəns proqramları əsasında) , prosesə süni intelektin qoşulması. Ölkədə büdcə hesabına və tenderlə milli tədris proqramının hazırlanması vacibdir. Hazırda istifadə olunan idxal proqramlar tam virtual keçid zamanı ölkəyə çox baha başa gələcək, digər tərəfdən milli təhlükəsizlik nöqteyi-nəzərindən əlverişli olmayacaq. Bu işlərə təcili başlanmalıdı, büdcədən və neft fondundan böyük məbləğdə təxsisatlar ayırılmalıdır, ümumiyyətlə geniş çaplı Proqramlaşdırma industriyası qurulmalıdır.
3. Bu istiqamətdə bütün təlimatlar, normativlər, tədris qaydaları işlənməli, dərc olunmalı və həm də təlim videoları hazırlanmalı, efirə verilməlidir. Onlayn tədrisin təşkili üzrə bir dənə də olsa təlimat yoxdur, hər müəllim öz bildiyi kimi tədrisi təşkil edir. Klassik təhsildən fərqli olaraq normativlər xeyli fərqli olacaqdır. Bəzi universitetlər yeni başlayan vaxtı ciddi səhvlərə yol verdilər. Məsələn, Azərbaycan şəraitində siniflərdə şagird və ya tələbələrin sayını 300-500 nəfərə qaldırmağı planlaşdıran universitetlər var idi. Bu əlbəttə, səmərə verə bilməz, virtual kanallarda axın həcmi bu gün tələbə sayının 20-25 nəfərdən artıq qaldırmağa imkan vermir.
4. Təhsil ocaqlarına və xüsusilə universitetlərə kadr təyinatı zamanı fiziki sərhədlər aradan qalxmalı, proses tam beynəlmiləlləşməli, dünyanın hər yerindən kadr cəlb olunmasına imkan yaradılmalıdır. Bu da yenə əksəriyyət təlimatların yenidən işlənməsini tələb edir. Kadr təminatında dünya azərbaycanlıları diaspora alimləri, xüsusilə də İEÖ-lərdə çalışan alimlər çox kömək edə bilər. Hər bir məşhur diaspora aliminin ölkədə məktəbinin yaradılmasına hər cür şərait yaradılmalıdır (İEÖ-lərdə belə alimlərin sayı bir mindən çoxdu).
5. Müasir rəqəmsal dünya bütün təhsil ocaqlarının elmi tədqiqat mərkəzinə çevrilməsini tələb edir. Bütün universitetlər, texnikumlar və hətta məktəblər elmi tədqiqat işlərinə cəlb olunmalı, təhsil və elm qovuşmalıdır. Həm də təhsil ocaqlarının əsas işi elm sahəsi olmalıdır. Rəqəmsal dünya şəraitində həyata keçirilən bütün işlər, fəaliyyət növləri elmi xarakter daşıyır. Rəqəmsal dünyanın qurulması üçün ölkədə heç bir elmi kəşf, rəqəmsal texnologiya, avadanlıq, beynəlxalq rəqəmsal proqram təminatı yoxdur, bu 21-ci əsrdə hər hansı bir ölkə üçün böyük qəbahətdir, faciə qədər təhlükəlidir, iflasa, itkilərə və köləliyə aparan yoldur.
Bizimyol.info