Gülgün Rzayeva

***

Dünya bir nərdivandır,
Qalxanda mehribandır,
Enəndə nə yamandır.

(N.Həsənzadə)

 ...Dünyaya gəlmək barədə fikrimiz soruşulmur, seçim şansımız olmur.  Bir də görürük ki, həyat nərdivanının ilk pilləsindəyik. İxtiyarsız qığıltıyla, sonsuz ana məhəbbətiylə...  

Fələk öz çarxını çevirir. Bəxtinə necə ailə, necə həyat düşsə, onu yaşamağa məcbur olursan. Kiminin bəxti gətirir: sevilən, düşünülən, qayğılı ailədə göz açır... Kimi isə tam əksinə...

Doğulduğumuz gündən nərdivanın ilk pilləsinə ayaq basmalı oluruq. Bununla da “həyat” adlanan gözəgörünməz nərdivan hərəkətə başlayır...

İlk pillələrdə qayğıdan uzaq həyəcanla, sevinclə, ümidlə addımlayırıq. Hətta bəzən o qədər tələsiriksə, pilləkənləri iki-iki, üç-üç qalxırıq. Hər pilləni qalxdıqca məsuliyyətimiz, qayğımız artmağa başlayır. Amma ümidsiz olmuruq. Bəzən çox yoruluruq, bezirik, tükənirik...

İstəyirik bu lənətəgəlmiş nərdivan dayansın. Amma o dayanmır, öz işinə davam edir. Bizlərsə yıxılsaq belə durmağa məcbur olub, sönməyən ümidimizin əlindən tutaraq yola davam edirik. Bu çətin yolda nələr yaşamırıq?  Hansı təzadlarla qarşılaşmırıq? Kimləri itirmirik? Neçə-neçə insanlarla qarşılaşırıq. Qarşılaşdığımız insanların bəziləri ümidsizliyimiz, peşmançılığımız...

Bəzilərisə yaşamağımıza səbəb olan, bizə güc verən, yıxılmağa qoymayan, etibarlı, anlayışlı, “nə yaxşı ki var” deyə bildiklərimiz olur...

Bu vəfasız nərdivan bizi yavaş-yavaş qaldırdıqdan sonra sürətlə endirməyə başlayır. Onda isə sən nərdivana yalvarırsan: “Yavaş get, ay bivəfa, nə olar bircə dayanma... Axı mənim hələ nə qədər arzularım vardı. Hələ özüm üçün yaşamağa imkanım olmayıb. Nə olar sürətini azalt”.

O isə səni eşitmir, daha sürətlə enməyə başlayır. Fərəhlə, sevinclə, qayğısız qədəm qoyduğumuz nərdivandan belimiz dərddən, əziyyətdən bükülmüş halda enməyə başlayırıq. Artıq anlayırıq sona doğru gedirik. Çönüb keçmişə nəzər salırıq. Hər addımımızı xatırlayırıq.

Öz-özümüzə düşünürük: “İlahi, mən boş yerə nələrin dərdini çəkmişəm? Niyə həyatımın qədrini bilməmişəm? Niyə mənə verilən ömrü boş yerə yaşamışam? O məsum körpənin gözlərindəki həyat eşqinə bax, mən gözümdəki bu həyat eşqinin, bu sevgi qığılcımlarının sönməsinə niyə icazə vermişəm? Kaş sadəcə bir şansım olaydı... Kaş yenidən bu həyat mənə veriləydi... Kaş...” Sən bunları düşündükcə artıq nərdivan son pilləyə çatır... Geriyə yol yoxdu. Hamının xoşbəxtliyi üçün çalışdın, dayanmadan işlədin. Səndən geriyə yalnız xatirələr qalır... Heç elə bil yoxsanmış. Heç elə bil bu dünyaya gəlməmisənmiş.

Həqiqətən, ey həyat, sən nə vəfasızsanmış...

Nərdivanın ilk pilləsinə qədəm qoyarkən də tək idik. Son pillədən də tək ayrılırıq. Yalnız bir fərqlə. İlk pillədə qalxmaq üçün tələsirdik. Son pillədə isə gecikmək, zamanı dayandırmaq istəyirik... Və nərdivan əbədi dayanır... Dünyaya gələrkən gözüyumulu hara gəldiyimizi bilmədiyimiz kimi, dünyadan gedərkən də gözüyumulu hara gedəcəyimizi bilmirik... Bəlkə də, kim bilir bizi yeni bir nərdivan gözləyir.....

Həyat o qədər qısadır ki, nə zaman bitdiyini anlaya da bilmirsən. Yaşamaq şansı bizə sadəcə bir dəfə verilir.

Bu həyatı elə yaşayaq ki, ən azından gözümüzü yumarkən "nə yaxşı ki yaşadım" deyə bilək. Həyatın qədrini bilək. Bizə verilən bu şansdan istifadə etməyi bacaraq. Dünyada baş verən bütün pis hadisələrə, bütün pisqəlbli insanlara inad xoşbəxt olaq. Həyatdan zövq alaq, həyatda olan dəyərli insanların qədrini bilək, ətrafımızda sevgi çənbəri yaradaq. Heç bir zaman ümidimizin, inamımızın kimlərsə tərəfindən əlimizdən alınmasına, söndürülməsinə icazə verməyək.

Sevgiylə, ümidlə qalmanız diləyi ilə...

Mia.az