Seymur VERDİZADƏ,

Yenisabah.az-ın Baş redaktoru

***

Lənkəran, Yevlax, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinə cinayət işi açılıb.

Əgər televiziyaya baxırsınızsa, qəzet oxuyursunuzsa, mənim kimi saytlarda vurnuxursunuzsa, icra nümayəndələrinin günahının nədən ibarət olduğunu bilirsiniz. Bilməyənlər üçün yazıram: onlar Heydər Əliyev Fondunun yoxsul ailələr üçün göndərdiyi ərzaq yardımını mənimsəyiblər. Azacıq insafı olanlar göndərilən ərzağın yarısını özü yeyib, yarısını qohum-qardaşa paylayıb. İnsafsızlar isə yetim-yesir üçün nəzərdə tutulmuş ərzağın hamısını mədəsinə təpişdirib.

Biz ötən gün redaksiyada bu barədə söhbət edəndə, müxbirlərimizdən biri maraqlı fakt açıqladı. Dedi ki, hüquq mühafizə orqanları tərəfindən saxlanılan həmin şəxslərdən birini tanıyır.

Yaddaşına bir qədər güc verib, hadisənin təfərrüatını xatırladı: “Kasıb ailələrə çatmalı olan ərzağı mənimsəyən adamlardan biri əmimin qudasıdır. İki il əvvəl bizim kəndə toya gəlmişdi. Yüz qram araq içdiklərinə görə atamı, əmimi, ağsaqqal dayımı “yaş yuyub, quru sərdi”. Sonra da dedi ki, namaz əhli olduğu üçün içki məclisində otura bilməz. Bağda onlar üçün ayrıca masa açdılar. Üç nəfərə bir quzunu yeyib getdilər”.

Bu, o demək deyil ki, məni ancaq dindar olan icra nümayəndələrinin yaramaz əməli əsəbiləşdirib. Dini inancından asılı olmayaraq, mən, yetimin haqqını yeyən hər kəsi qınayıram. Namaz əhli olan o icra nümayəndəsi də, araq şüşəsini qucaqlayıb yatan digər icra nümayəndəsi də layiq olduğu cəzanı almalıdır. Məni narahat edən insanlarının ikiüzlülüyüdür. Araq içən adamlarla eyni masa arxasında əyləşmir ki, günahdır, amma yetimin malını yeməkdə qəbahət görmür. Azərbaycan cəmiyyətinin ən böyük bəlası odur ki, yaxşı adam ola bilməyənlər yaxşı adam kimi görünmək istəyirlər. Daha acınacaqlısı isə odur ki, bu adamlar dindən vasitə kimi istifadə edirlər...

Bu hadisəni mənə vəkil dostlarımdan biri danışıb. Məhkəmə prosesində prokuror günahsız adama 8 il iş istəyəndə müttəhimin qohumları onu fitə basıblar. İnsanların təzyiqinə tab gətirməyən prokurorun rəngi kömür kimi qaralıb, əlləri əsməyə başlayıb. Bu vaxt hakimin köməkçisi ona bir stəkan su uzadıb. Prokurorun cavabı belə olub: “Orucam, a bala, məni günaha batırma”.

Əvvəllər yazdığım bir fikirdə yenə qalıram: Azərbaycanda dindar olmaq, mömin həyatı yaşamaq çox çətindir. Çox uzağa getməyək, metroda başıörtülü qız yaşlı qadına, qoca kişiyə yer verməyəndə, az qalır ki, ətrafdakılar gözlərilə onu yesinlər. Bəzi adamlar elə bilir ki, avtobusda qocaya yer vermək, düz işləmək, halal çörək yemək ancaq dindarların borcudur. Hansı ki, bu, hamımızın insanlıq borcudur...

Mən insanları dindar və ateistə, imanlı və imansıza bölməyin tərəfdarı deyiləm. Halal zəhmətlə dolanmaq hər bir insanın borcudur. Amma düşünürəm ki, namaz qılan, oruc tutan adamın məsuliyyəti ikiqat böyükdür. Yoxsul ailələr üçün göndərilən ərzağı mədəsinə təpişdirən namaz əhli bilməliydi ki, yedikləri bir gün burnundan gələcək. Bu gün o gündür...