Böyük Britaniyanın nüfuzlu “The Times” qəzeti yeni il ərəfəsində 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı.
“The Times”-in həmin siyahıya daxil etdiyi şəxslərdən biri - İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin komandanı general Qasım Süleymani Bağdadın beynəlxalq hava limanını “Toyota Avalon” avtomobilində “Hyundai Stareks” mikroavtobusunun müşaiyyəti ilə tərk edərkən onu müşaiyyət edənlərlə birlikdə raket zərbəsi ilə öldürüldü.
Nüfuzlu nəşrlərin məlumatına görə, Süleymani Bağdada Beyrutdan gəlirmiş və generalın içərisində olduğu özəl təyyarə havaya qalxdığı andan İsrailin xüsusi xidmət orqanları tərəfindən izlənirmiş. Süleymaninin Beyrut hava limanında və yaxud təyyarə havaya qalxdıqdan sonra göydə öldürülməməsinin dəqiq səbəbi məlum deyil.
Ehtimal etmək olar ki, Beyrut limanından havaya qalxan təyyarədəki şəxsin tam məxfilik şəraitində hərəkət edən Süleymani olub-olmadığına aydınlıq gətirilməsinə çalışılıb. Bundan başqa, özəl sərnişin təyyarəsinin havada partladılmasının daha böyük əks-səda doğura biləcəyi də əməliyyatın Bağdadda həyata keçirilməsinin səbəblərindən ola bilər. Bəlkə də, Vaşinqton bu əməliyyatı Bağdadda həyata keçirməklə ABŞ-ın İraq paytaxtındakı səfirliyinə hücum edənlərə göz dağı vermək istəyib.
Süleymaninin öldürülməsi əmri ABŞ prezidenti Donald Tramp tərəfindən verilsə də, Vaşinqtonda çox az adam bu məsələdən xəbərdar olub.
Məlumata görə, Süleymaninin öldürülməsi Trampın başçılığı altında vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik məsələləri üzə müşavir Robert Obrayn, Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mik Malvanidən ibarət çox kiçik bir dairədə müzakirə olunub və senator Lindsi Qrem istisna olmaqla Konqres üzvülərindən gizli saxlanılıb.
Ağ Evin çox məxfiliklə hərəkət etməsi təsadüfi deyil. Çünki general Süleymaninin Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) şəxsi agentlərinin olması ilə bağlı məlumatlar çoxdan dolaşır.
Ağ Evi tam məxfilik şəraitində hərəkətə vadar edən başqa bir məqam çox güman ki, Konqresdə və digər dövlət institutlarında Süleymaninin öldürülmə planının reallaşmasına maneənin olma ehtimalıdır. Çünki Süleymaninin öldürülməsi ilə bağlı məsələ Vaşinqtonda kiçik Corc Buş və Bill Klintonun prezidentlikləri dövründə də dəfələrlə müzakirə olunub, lakin hər dəfə bu qərarı verməkdən çəkiniblər.
MKİ-nin sabiq direktoru Devid Petrus Suriyadan Livana, Əfqanıstana kimi çox geniş bir çoğrafiyada həyalət (əyulə-zombi-red.) general ləqəbli Süleymanini "şərin təcəssümü" adlandırıb və onu ən azı 600 ABŞ əsgərinin ölmündə günahkar hesab edib. Süleymani hələ 2008-ci ildə Devid Petrus İraqdakı çoxmillətli hərbi qüvvələrə rəhbərlik edəndə ona şəxsi mesajını göndərərək hədələmişdi.
Həmin mesajda deyilirdi: “General Petrus, siz bilməlisiniz ki, mən, Qasım Süleymani İranın İraq, Suriya, Livan, Əfqanıstan və Qəzza siyasətinə cavabdeh şəxsəm və siz mənim ərazimə girmisiniz”.
ABŞ-ın başqa bir generalı, general-leytenant Mark Xertlinq Sülemanini belə xarakterizə edib: “O, bütün həyatı boyu döyüşüb. Bu sakit, harizmatik oğlan dahi strateji və bacarıqlı taktik idi”.
MKİ-nin sabiq əməkdaşı Con Maqvayr Süleymanini Yaxın Şərqdə ən güclü təsirə malik şəxs hesab edirdi. Bildirirdi ki, ona heç kim, heç nə də bilmir.
Süleymanini həyalətə çevirən məqamlardan biri onun bir gün Əfqanıstanda, sabahı Suriyada, o biri gün isə Livanda görünməsi idi. Ancaq bu onun həyalət general kimi xarakterizə edilməsinin yeganə səbəbi deyildi.
Süleymani bir neçə il əvvəl Tayland, Nyu-Dehli, Laqos və Nayrobi kimi İrandan çox uzaqda yerləşən şəhərlərdə baş vermiş terror hadisələrinin təşkilatçısı hesab olunur. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin də təşkilatçısı Süleymani idi və əməliyyat onun sərhəd tanımadığını göstərirdi. O zaman Konqresə müraciət olunmuşdu ki, Süleymanini ələ keçirmək və ya məhv etmək lazımdır. Lakin Vaşinqton rəsmiləri Süleymaninin öldürülməsinin İranla müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək, bu müraciəti cavabsız qoymuşdular.
Həyalət general bölgə ölkələrinin liderləri üzərində çox güclü təsirə malik olub. ABŞ kəşfiyyatının yüksək çinli zabitlərindən biri Vaşinqtona göndərdiyi hesabatda Süleymaninin o zaman İraq prezidenti olan Cəlal Tələbani üzərindəki təsirini belə təsvir edir: “Mən Tələbani ilə Şimali İraqda görüşən zaman otaqda qara paltarlı bir şəxs oturmuşdu. O mənim kim olduğumu öyrənənə kimi, mən onun kim olduğunu bilirdim. Biz səssiz şəkildə əl tutduq. O görüş zamanı mən Tələbaninin qorxu içində, Süleymaniyə qarşı çox itaətkar olduğunu gördüm”.
Rusiyanın Suriyada hərbi təyyarəsi vurulmuşdu və pilot cəbhə xəttinin əks tərəfinə düşmüşdü. Pilotu xilas etməli olan Rusiyanın xüsusi hərbi dəstəsinin cəhdi uğursuz olduqdan sonra Süleymani ruslara bu işi ona həvalə etməyi təklif edir. Rusların razılığı alındıqdan sonra Süleymani hərəkətə keçir və rus pilotu xilas edir.
İranın son 20 ildə ölkə xaricində kəşfiyyat-diversiya, terror və döyüş əməliyyatlarını planlaşdırmış və yönəltmiş Süleymaninin ölümü Tehran rejimi üçün böyük itkidir. Süleymaninin öldürülməsi Tehran rejiminin dəfələrlə bəyan etdiyi qırmızı xətt idi. ABŞ-ın kəmağıl prezidenti Tramp sələflərinin cəsarət etmədiyi addımı ataraq Süleymaninin öldürülməsinə qərar verdi və onun bu əmri canlı qüvvə cəlb edilmədən müasir texnikanın köməyi ilə icra edildi. İndi bütün gözlər İrana dikilib və hər kəs Tehran rejiminin hansı addımı atacağını gözləyir.
ABŞ-ın Süleymaninin ölümünə görə ağır bədəllər ödəyəcəyi ilə bağlı Tehrandan səslənən bəyanatların isə ardı-arası kəsilmir. İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi hələ Süleymaninin ölümündən xeyli əvvəl bəyan etmişdi ki, Vaşinqton belə bir addım atarsa, İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanını məhv edəcək. Əlbəttə, bu sözlərin reallaşma ehtimalı yoxdur. Ancaq Süleymaninin ölümünün cavabsız qalacağını da düşünmək olmaz.
Tehranda yaxşı anlayırlar ki, Süleymaninin ölümü rejimə yönəlmiş çağırışdır və onun cavabsız qalması İrandakı zəifləmiş teokratik rejimi daha da zəiflədəcək.
İranın Süleymaninin öldürülməsinə görə qisas almaqla bağlı rəsmi qərarlarının olmasına və ən yüksək səviyyədə bəyanatların verilməsinə baxmayaraq, həyalət generalın öldürülməsi Tehran üçün yeri doldurulmayacaq itkidir. Son 20 ildə “Qüds”ün komandanı olan Süleymani İranın xaricində çox böyük bir şəbəkə formalaşdıra bilmişdi. Həmin şəbəkəyə 300-ə yaxın silahlı quruplaşmanın daxil olması haqqında fikirlər mövcuddur. Bundan başqa, həmin şəbəkəyə bağlı çoxsaylı agentlər, siyasətçilər, iş adamları olub. Süleymaninin şəxsiyyəti ətrafında hörülmüş bu şəbəkənin onun yoxluğunda əvvəlki kimi fəaliyyət göstərəcəyini gözləmək yanlışlıqdır.
Rusiyanın Suriya rejiminə hərbi dəstək qərarını Putinin məhz Süleymani ilə görüşdən sonra verdiyi haqqında bu günə kimi təkzib edilməyən məlumatı da nəzərə alsaq, həyalət generalın ölümünün İran üçün nə qədər böyük itki olduğunu təsəvvür etmək olar. Süleymaninin öldürülüməsindən sonra “Qüds”ə yeni komandanın təyin edilməsi də bu boşluğu doldurmayacaq. Hər kəsə aydındır ki, İraqdan Livana, Əfqanıstana kimi çox geniş bir çoğrafiyada həyalət generalı əfsanəsi yaratmaq bu gün Tehran rejiminin imkanları xaricindədir.
Əlbəttə, İran Süleymaninin ölümünə görə qisas alacaq. Ancaq bu addımlar da Süleymaninin öldürülməsi nəticəsində Tehran rejiminin məruz qaldığı itkinin yerini doldura bilməyəcək.
İran əleyhdarlarının Süleymaninin yoxluğunda özlərini daha cəsarətlə aparacaqlarını da gözləmək olar. Bir sözlə, Tramp Süleymaninin məhv edilməsi əmrini verməklə Azərbaycanın da yerləşdiyi coğrafiyada yeni siyasi vəziyyət yaratdı. Bu isə onsuz da çox böyük dəyişikliklərin baş verəcəyi ehtimal edilən 2020-ci ilin daha gərgin keçəcəyini proqnozlaşdırmağa imkan verir.