ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, L.Litzenberger səfər zamanı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyadıb. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

L.Litzenberger Salyan Rayon Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb.

İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə ABŞ, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.