SEYMUR VERDİZADƏ
 
***
 
Həmişə qorxuram ki, birdən mənə də Qarabağa getmək təklif olunar. 
 
Bilirsiniz, niyə qorxuram? 
 
 Orda qarşılacağım mənzərəni indidən təsəvvür edə bilirəm. Ermənilər mənə nə göstərəcəklər? Atamın yanıb xarabaya dönmüş mülkünü, babamın dağıdılmış qəbrini…
 
 Həmin vaxt mən nə etməliyəm? Telefonumu Xorenə verməliyəm ki, xarabaya çevirdikləri evimizin fonunda şəklimi çəksin?
 
 Mən Allahın bir ucuz ölümünü bundan üstün tuturam. Heç kim inciməsin, mən Qarabağa turist kimi gedə bilmərəm. Mən Yerevandan, Xankəndindən Cəbrayıla getmək istəmirəm. Cəbrayılın yolu Cocuq Mərcanlıdan başlayır. Mən bu marşurutu təklif edirəm. Amma bir şərtlə ki, əlimizdə qələm yox, silah olsun. Öndə getməyə, bələdçilik etməyə, ilk gülləni atmağa, atılan ilk güllənin qabağına sinəmi verməyə hazıram. Yurd itkisi, torpaq itkisi səbəbindən gündə yüz dəfə ölüb-dirilirik. Mən kişi kimi ölməyin tərəfdarıyam.
 
Mən emosional adamam. Külü göyə sovrulmuş ikimərtəbəli evimizin yerindəki xarabalığı görəndə, buna necə dözəcəm? Məni öz əlinizlə diri-diri qəbrə qoyun,  amma bu cür aşağılamayın. Həmin vaxt yanınmda dayanan Vazgenin ağzının üstünə bir şillə vursam, nə baş verəcək? Ən yaxşı halda məndən təşkilatçılara şikayət edəcəklər. Deyəcəklər ki, Seymur "sülh prosesi”nə zərbə vurdu. Sizin prosesinizə tüpürüm! Mən bu cür düşük oyunlarda alət ola bilmərəm! 
 
Gedib Qarabağda nə edəcəm? Əsir yurdlarımızın şəninə şeir yazacam, bayatı qoşacam? 
 
O torpaqların şeirə, bayatıya ehtiyacı yoxdur. O torpaqlar azad olunmalıdır. Torpağın da, ağacın da, quşun da dili var… 
 
Bəlkə illərdi bir içim suya həsrət qalan ağaclar dil açıb məndən soruşdular ki, bizi nə vaxt azad edəcəksiniz? Bizdən daha vəfalı olan, neçə illərdi öz kökü üstündə dayanmağı bacaran o qəmgin ağaclara, ancaq kədərli səslər çıxaran o əsir quşlara, düşmən əsgərinin murdar çəkmələrinin sinəsində yaralar açdığı o müqəddəs torpağa nə cavab verəcəm? Deyəcəm ki, hələ başımız neft pullarını bölüşdürməyə qarışıb? Yoxsa, deyəcəm ki, Qarabağı almalı olan generallarımız hələ Bakıda ev almaqla məşğuldurlar? 
 
Mənim o torpağın, o dağların, o ağacların qabağına çıxmağa üzüm yoxdur. 
 
Mən ata yurdumda qonaq olmaq istəmirəm. Atamın ruhu məni bağışlamaz!   
 
moderator.az