İsmayıl İMANZADƏ,

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist 

***

Ata yurdumuz Cəbrayılın sayılıb-seçilən ziyalılarından olan Vaqif Əlisoyun bu günlərdə mənə göndərilən "Kaş gözlərim kor olaydı...” adlı kitabını oxuyandan sonra artıq tarixə qovuşan ağrı-acılı günlərimizin aynasına çevrilmiş kitab və onun müəllifi barədə düşüncələrimi oxucularla bölüşməyi özümə borc bildim.

Elə bəri başdan deyim ki, keçmiş mübarizə yoldaşımın-Vaqif Əlisoyun bədnam qonşularımızın üstümüzə addım-addım gəldiyi günləri, qanlı 20 Yanvardan sonrak; günlərdə paytaxt Bakıdan uzaqlarda məkrli düşmənlə üz-üzə qalan bir bölgədə cərəyan edən qorxunc olayları və azadlıq hərəkatının şərəfli tarixinin bir parçasını yaddaşlara həkk etmək gücündə olan bir kitabı araya-ərsəyə gətirməsini yüksək qiymətləndirirəm.

Kaş gözlərim kor olaydı...” kitabı ile ilgili görsel sonucu"

Kitab müəllifinin vətən sevgisini, qan yaddaşımızda pozulmaz izləri olan oğuz elimiz Cəbrayıla yönəlik övlad məhəbbətini, iyirmi altı ildən bəri yolumuza göz dikən ulu yurd yerlərimizin harayını həcmcə o qədər də böyük olmayan bir kitabda əks etdirmək bacarığını təqdir edir və onun səmimiyyətinə kimlərinsə şübhə etməsini haqsızlıq sayıram. 

Yeri gəlmişkən qeyd edim ki, 1988-ci ilin noyabr ayından xalqımızın müstəqillik qazandığı 18 oktyabr 1991-ci ilə kimi azadlıq hərəkatının ən fəal üzvlərindən biri olduğumdan rayonumuzda baş verən hadisələrin heç birindən xəbərsiz olmamışam. Ən əsası isə, xalqımızın azadlıq mücadiləsində haqsevər rayon camaatı ilə bir sırada olduğumla bağlı elə indinin özündə də fəxarət hissi keçirirəm. 

İlk dəfə bizim o vaxtkı ortaq dostumuz Hüriyyətin rəhbərliyi ilə 19 noyabr 1988-ci ildə təşkil edilən küçə yürüşünün ertəsi gün onunla və dəyərli ziyalı, el ağsaqqalı rəhmətlik Şəhriyar Quliyevlə bərabər "ispolkomun” qarşısında düzənlənən ilk mitinqdə tribunada dayandığımı da yaxşı xatırlayıram. Qanlı 20 Yanvardan on gün sonra (yanvar ayının 31-də) o vaxtkı rayon partiya komitəsində keçirilən büro iclasından çıxarılıb ilk həbs edilən şəxs olduğumu da yəqin ki, unutmayanlar az deyildir. O müdhiş hadisənin təffərrüatından bəhs etmədən, bircə onu xatırlatmaq istəyirəm ki, həbsdən çıxandan bir gün sonra o zamankı Füzuli kolxozunun sədri Musa Quliyevlə birlikdə təsərrüfatın Biləsuvar ərazisində yerləşən qış yataqlarına baş çəkib, axşama yaxın geri qayıdanda Daşburuna gedən yolun alt tərəfindəki yeməkxanada ləngiməsəydik, yəqin ki, bədnam "Vesti” proqlamında yayımlanan xəbərlə bağlı (kitabda bu barədə də məlumat vardır) ertəsi gün yenidən həbs edilib rayona göndərilən vertalyotla Tiflisə, ordan da Novoçerkaski həbsxanasında aparılan əqidə dostlarımın-Vaqif Əlisoy, Xanış Mehdiyev və Mamed müəllimlə yanaşı mən də ola bilərdim. Kitabda yazıldığı kimi, o vaxtlar hər üç eloğlumun bir ay ərzində üzləşdikləri məşəqqətlərə mətanətlə sinə gərib, qeyrət sınağından üzüağ çıxaraq yenidən rayona qayıtmalarına ürəkdən sevinənlərdən biri də mən özüm olmuşam...

Yuxarıda qeyd etdiyim kimi, Vaqif müəllimin nəşr etdirdiyi kitab mənim fikrimcə oxuculara, illah da o qanlı-qadalı hadisələrin və Cəbrayılın düşmən tərəfindən işğal edildiyi günlərdən sonra dünyaya göz açan gənc nəslə vətən sevgisi, şəhidlik zirvəsinə ucalan ərənlərimizə ehtiram hissi aşılamaq baxımından yüksək dəyər kəsb edir. Kitab müəllifinin o qanlı-qadalı günlərdə müsəlləh bir əsgər kimi qeyrətli vətən övladları ilə bir sırada dayanması doğma el-obaya,-bütövlükdə isə ana vətənimizə təmənnasız xidmət etməyindən qaynaqlanır.

Yaxşı yadımdadır, xalqımız azadlıq mücadiləsinə qalxanda, hər yerdə olduğu kimi, bizim ata elimiz Cəbrayılda da insanların əksəriyyəti həm sovetlər birliyinə, həm də bədnam qonşularımızın məkrli addımlarına etiraz əlaməti olaraq bir araya gəlmişdilər. Sonrakı vaxtlarda,-illah da hakimiyyətə yeni qüvvələrin gələcəyini anlayan və həmin məqamlara qədər "partbiletlərini” ürəyinin başında gəzdirənlər kütləvi halda "mən cəbhəçi olmuşam”-deyənlər ələ düşən fürsətdən yararlanmağı bacardılar. Yaxşı ki, belə bir vaxtda Vaqif müəllim bu sınaqdan da üzü ağ, alnı açıq çıxaraq heç bir vəzifə kürsüsündə gözü olmadığını da isbatlaya bildi...

Yeri gəlmişkən deyim ki, Vaqif müəllimin Cəbrayılın işğalından sonrakı həyat tərzindən demək olar ki, xəbərsizəm, onunla yalnız bir dəfə, səhv etmirəmsə illər öncəsi "28 may” metrosunun qarşısında rastlaşıb iki-üç dəqiqə ərzində hal-əhval tuta bilmişəm. Bununla bərabər onun əvvəlki kimi əqidəsinə sadiq qaldığını- torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də döyüşə hazır olduğunu həm ara-sıra mətbuat səhifələrindən və onu yaxından tanıyanların söhbətlərindən eşidib bilmişəm...

"Kaş gözlərim kor olaydı...” kitabı keçmiş ağrı-acılı xatirələrin işığında qələmə alındığından, bəzi məqamlarla bağlı fərqli fikir daşıyıcısı olsam da, müəllifin şərəfli-şanlı tariximizin Cəbrayıl bölgəsi ilə bağlı səhifələrində doğru-dürüst məlumatların yer alması istəyinə hörmətlə yanaşır və onun bu addımını alqışlayıram. Kitabın səriştəli bir qələm sahibi tərəfindən yazıldığı elə ilk səhifələrdən üzə çıxır və elə bu da Vaqif Əlisoyun ana dilimizin incəliklərinə dərindən bələd olduğunun ən bariz nümunəsi kimi yadda qalır...

İstəkli eloğlum, tanınmış qələm sahibi Elçin Hüseynbəylinin təbirincə desək, kitab bədii əsər olmasa da, istedadlı söz adamlarına milli azadlıq hərəkatı, Qarabağ savaşı və düşmənlə döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimiz barədə yazacaqları yeni əsərlərin mövzu baxımından ən etibarlı qaynaqlardan biri hesab edilə bilər.

Sonda ata elimiz Cəbrayıla-onun sadə-səmimi camaatına və ana vətənimizə qəlbən bağlı olan Vaqif müəllimə cansağlığı, könül xoşluğu arzulayıram.

Mia.az