Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb. Avarçəkmə Federasiyanının mətbuat xidmətindən Qol.Az-a verilən xəbərə görə, 30 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub.
Amma bu, hələ son deyil. Bakı vaxtı ilə saat 18:35-də Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxacaqlar.
Valentin Demyanenko karyerasında 4-cü dəfə dünya çempionu olub. Daha öncə kanoeçimiz 2005, 2009 və 2011-ci illərdə planetin ən güclüsü olmağı bacarıb. Demyanenkonun aktivində 4 Avropa çempionluğu da var. O, 2009 və 2012-ci illərdə 200 metr, 2011-ci ildə isə 200 metr və 500 metr məsafəyə yürüşlərdə qitənin ən güclüsü sayılıb.
Xatırladaq ki, bu, son 2 gündə Azərbaycanın dünya çempionatında qazandığı ikinci qızıl medaldı. Dünən cüdoçumuz Elxan Məmmədov Braziliya təşkil olunan mundialda hamıdan güclü olmuşdu.