Samir Adıgözəlli,

İSBAM sədri

***

Ömrümüz səfərlərdə, yollarda gedir. Bu il təkcə Türkiyənin Van bölgəsinə 3 dəfə səfər etmişik. Bəlkə də çoxları bizə yaxın olan bu bölgəyə bu qədər tez-tez getməyin nə əhəmiyyəti olduğunu düşünürlər. 

Elə məsələnin əhəmiyyəti də həmin düşüncəni alt-üst edib, burnumuzun ucunda olan Türkiyənin bu bölgəsində olub-bitəni öyrənməkdir. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları Van, Qars, İğdır, Ardahan, Ağrı bölgələrinədir. Bu bölgədə erməni diasporu gecəsini gündüzünə qataraq çalışır. Gəlib Van gölündə çimib, Akdamar kilsəsində "böyük Ermənistan” üçün dua edib, Ağrı dağında, Van Qalasında bayraq açıb yallı gedirlər. Onlar bununla bizə təkcə göz dağı vermirlər. Onların bütün bu fəaliyyətləri Ermənistanın böyümə hərəkatına xidmətləridir. 

Avropada, Amerikada olan erməni işadamları erməni gənclərini toplayaraq Van və ətraf bölgələrə turlar təşkil edib buradakı tarixi abidələrin onlara məxsus olduğunu ilk öncə onlara təbliğ edir, daha sonra video çəkilişlərlə bütün dünyaya yayırlar. 

Artıq bu bölgədə yaşayan və işləyən türk insanının, ziyalıların və hətta rəsmi şəxslərin beyinlərində belə bir fikir yaranıb ki, həqiqətən buralarda ermənilər yaşamış və onların burada tarixi abidələri var. Necə ki, Akdamar adasındakı tarixi Akdamar kilsəsinin ermənilərə məxsus olması ilə bağlı Vandakı bəzi rəsmilərin anlaşılmaz münasibəti var. Bu ilin iyul daha sonra avqust ayında Beynəlxalq Diaspor Mərkəzinin ¬(BDM) təşəbbüsü ilə Vana səfərlər təşkil edildi. 

Həmin ərəfədə Azərbaycanda fəaliyyət göstərən Alban-Udin Xristian Dini İcmasının rəhbərliyi də səfərdə iştirak etdi. Onlar kilsəni ziyarət edərək, Akdamar kilsəsinin tarixən ermənilərlə heç bir əlaqəsinin olmadığını və alban xristianlarına məxsus olduğunu bəyan etdilər. Bu bəyandan sonra Ermənistan televiziyasında geniş müzakirələr aparılmağa başlanıldı. Hətta türkcə fəaliyyət göstərən erməni xəbər agentliyi məlum səfərlə bağlı əks yazılar yazaraq, guya həqiqətlərin bizim tərəfimizdən tarixin "saxtalaşdırıldığını” bəyan etməyə başladılar. 

2 ay arxa-arxaya həyata keçirilən səfərlər və görülən işlər erməni tərəfini nə qədər narahat etdiyi göz qabağındadır. Növbəti 3-cü səfər sentyabr ayında təşkil edildi. "10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə Azərbaycan nümayəndə heyəti olaraq iştirak etdik.

 Bundan əvvəl keçirilən 9 sərgidə Ermənistan stendi sərgilənmiş və Ermənistan burada baş rolda iştirak etmişdir. Bu il Azərbaycanın həmin sərgidə Naxçıvan Muxtar Respublikası stendi ilə təmsil olunması qürurverici hal olmaqla yanaşı ölkəmizin maddi-mənəvi, tarixi, mədəni zənginliyinin təbliği və ona göstərilən maraq xüsusi əhəmiyyət daşımaqdadır. Amma ən əsası Ermənistanın burada 10-cusu keçirilən beynəlxalq sərgidən imtina edib gəlməməsidir. Bu artıq bir nailiyyətdir. Bütün bunları yazmaqla əldə etdiyimiz nailiyyətləri çatdırmaq məqsədini güdmürəm. Ölkəmiz adına əldə edilən bu nailiyyətlərə Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin dəstək olmaq əvəzinə, yaratmaq istədikləri maneələri qeyd etmək istəyirəm.

 Məlum beynəlxalq sərgi ilə bağlı BDM tərəfindən Komitəyə müraciət olunur, dövlət qurumu məlumatlandırılır, beynəlxalq sərginin əhəmiyyəti və ermənilərin burada apardığı fəaliyyətlər izah edilir. Lakin təəssüflər olsun ki, Komitə ən azı nəzakət xatirinə məktubumuza cavab vermək əvəzinə, Ankarada fəaliyyət göstərən başqa bir təşkilatın vasitəsilə sərginin təşkilatçılarına müraciət edir, həmin Türkiyə təşkilatı vasitəsilə sərgidə Azərbaycan stendi yaratmaq istəyirlər. 

Məgər bu tədbiri Komitənin dəstəyi ilə Beynəlxalq Diaspor Mərkəzi tərəfindən həyata keçirmək mümkün olmazdımı? 

Baxmayaraq ki, biz bunu bacardıq və Komitənin deyil Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yüksək səviyyədə ölkəmizi Naxçıvan MR stendi ilə sərgidə təmsil etdik. 16 ölkənin və 400-ə yaxın şirkətin iştirak etdiyi regionun ən böyük sərgisində stendimizə böyük maraq göstərildi. Bu işdə bizə yaxından dəstək göstərib iştirak edən Naxçıvan MR Turizm Departamentinə, Türk Kalkınma İşadamları Dərnəyi (TÜMKİAD) və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinə (ASİM-DER) xüsusi təşəkkürümü bildirirəm. Bəs yaxşı Komitənin və bu qurumda birinci müavin olan Valeh Hacıyevin bizə qarşı olan qıqanclığının kökündə nə dayanır? Bununla bağlı BDM tərəfindən komitənin sədri cənab Fuad Muradova məktub ünvanladıq. 

Həmin məktubda olan bəzi məqamları ixtisarla sizə çatdırmaq istəyirəm: 

"Hörmətli Fuad müəllim, 

Əfsuslar olsun ki, göndərdiyimiz məktublara nəinki cavab verilmədi, hətta rəhbərlik etdiyiniz qurumun internet saytı tədbirlə bağlı bir cümlə belə yaymadı. Azərbaycan naminə apardığımız bu fəaliyyətlərdə bizimlə əməkdaşlıq etmir, bəlkə də təşkilatımızın gücünü qəbul etmirsiniz, amma erməni televiziyası son Akdamar ziyarətimizlə bağlı geniş reportaj verərək növbəti yalan və uydurma mövqelərini sərgilədilər. Biz bu bölgənin xüsusiyyətlərinə daha yaxından bələdik. 

On ildən artıqdır biz bu bölgələrdə fəaliyyət aparmaqdayıq. Bu baxımdan burada keçirilən tədbirlərin formatı daha həssas qaydada təşkil olunur. Terror təşkilatını dəstəkləyən HDP siyasi partiyasının seçkini qazandığı bir şəhərdə Azərbaycan adına tədbir keçirilməsi o qədər də rahat bir iş deyil. Diaspor Komitəsi Vanda keçirmək istədiyi tədbirləri bizim Mərkəz vasitəsilə də reallaşdıra bilər. Bu nədən doğan qərəzdir ki, rəhbərlik etdiyiniz qurum bizimlə əməkdaşlıq etmək istəmir. Cənab Prezident İlham Əliyev tərəfindən Siz, komitəyə sədr təyin olunanda bizdə ümid yarandı ki, bu mühüm sahəyə yeni ruh gətirəcəksiniz. Köhnə rəhbərliyin buraxdığı səhvlərə və laqeydliyə yol verməyəcəksiniz. Amma biz təəssüflənməkdəyik, yazdıqlarımızı səmimi qəbul edin”.

Təbii ki, biz kimin və nə üçün qısqanclıq keçirməsinə baxmayaraq yolumuza davam edəcəyik. Bizə yaxın olduğu qədər həm də uzaq olan, daha doğrusu uzaqlaşdırılmağa çalışan Van və onu əhatə edən bölgə haqqında bəzi vacib məqamları sizlərlə bölüşmək istədim. Yetərincə çalışmadığımız təqdirdə, Azərbaycan və bütün Türk dünyası üçün əhəmiyyətli strateji bölgə olan Naxçıvanla sərhəddə yerləşən İğdır, Qars və Van əraziləri imperialist güclərin köməyi ilə bizə qarşı yadlaşdırıla bilər. 

Bu məsələdə Türkiyə tərəfi ilə yanaşı bizim, Azərbaycanın da öz üzərinə düşən görüləsi və təxirəsalınmaz işlər var. 

Mia.az