"Neftçi” klubu Topaz Premyer Liqanın beşinci turunda "Xəzər Lənkəran”la keçirilən oyunda yaşanan qalmaqalla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Təsadüfi deyil ki, Bakı 2020-ci il Avropa Çempionatına ev sahibliyinə namizədliyini irəli sürüb. Rövnəq Abdullayevin AFFA Prezidenti seçilməsindən sonra Peşəkar Futbol Liqasının yaradılması ilə Azərbaycan çempionatının səviyyəsi yüksəlmişdir və bu inkişaf ilbəil artır. Artıq Azərbaycan futbolu klub miqyaslı yarışlarda da uğurlar əldə etməyə başlayıb. "Neftçi” PFK-nın Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması, "Qarabağ” klubunun dəfələrlə pley-off mərhələsində çıxış etməsi AFFA-nın Azərbaycanda futbolun inkişafı naminə gördüyü məqsədyönlü işin göstəricisidir. Əminliklə demək olar ki, AFFA Prezidenti Rövnəq Abdullayevin seçdiyi inkifaş strategiyası düzgündür və yaxın gələcəkdə ölkə futbolu daha böyük zirvələri fəth edəcək. "Neftçi” PFK olaraq bu strategiyanı daim dəstəkləmişik və futbolumuzun inkişafı naminə çalışırıq. Əldə etdiyimiz nəticələr, avrokuboklardakı uğurlarımız düzgün yolda olduğumuzu sübut edir.
Təəssüf ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran”-"Neftçi” PFK oyununda baş verən olaylar olduğu kimi qələmə verilmədi. Nəticədə bu azarkeşlər arasında vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Baş verən olaylarla bağlı AFFA-nın İntizam Komitəsi haqlı qərarlar qəbul etdi. Ümid edirik ki, bu qərarlar belə halların gələcəkdə bir daha yaşanmamasına zəmin yaradacaq. Sözsüz ki, futbol azarkeşlər üçün oynanılır, amma onlar da idman prinsiplərini unutmamalıdırlar. "Neftçi” PFK bütün klublarımızla dost münasibətlərə malikdir. Biz yalnız meydanda 90 dəqiqə ərzində rəqibik. "Neftçi” PFK, eləcə də bütün klublar bir amala-Azərbaycan futbolunun inkişafına xidmət edir”.