Azərbayacan çempionatının sayca II liqasında (I divizion) çıxış edən futbolçular bu gün AFFA-nın binası qarşısında etiraz aksiyası keçirəcək. Virtualaz.org saytı xəbər verir ki, bu barədə MOİK-in kapitanı Zeynalabdin Hüseynov məlumat verib.

Futbolçu bildirib ki, məqsəd AFFA-nın çıxardığı qərara diqqəti çəkməkdir: "Mənim klubum var, oynaya biləcəm. Amma 300-ə yaxın futbolçu kənarda qalıb. Həmkarlarıma dəstək olmaq üçün aksiyaya gedəcəm. Bizim heç kiminlə düşmənçiliyimiz, heç kimə etirazımız yoxdur, aksiya siyasi məqsəd daşımır. Sadəcə bu qərara diqqəti çəkmək və ayın 14-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılmasına nail olmaqdır. Heç olmasa, limiti 4-5 etsinlər, daha 8 yox. Dünyanın heç bir yerində belə şey yoxdur. Peşəkar liqa uşaq bağçasına çevrilib. Bütün bunları U-21-in baş məşqçisi Bernhard Lippert edib. Əvəzedicilərin çempionatında, premyer-liqada 150-yə yaxın 21 yaşı olmamış futbolçu var. Onların arasından 25 nəfər seçib yığmaya çağıra bilmirsə, daha niyə işləyir? Almaniyadan bura gəlib, o qədər pul alıb, zəhmət çəkib işləsin. Ondansa yerli baş məşqçini qoysunlar yığmaya, o 25 futbolçu tapıb yığmaya çağırar”.

Qeyd edək ki, AFFA-nın çıxardığı qərara görə I divizionda çıxış edən hər bir klubun heyətində 21 yaşı tamam olmamış 8 azərbaycanlı futbolçu oynamalıdır. Bu anormal qərar isə xeyli sayda azərbaycanlı futbolçunun özünə iş tapmasında problem yaradır.

Onu da yada salaq ki, futbolçuların mitinqinin saat 15:00-da başlanması planlaşdırılıb. İcraiyyə Komitəsinin iclası isə sabah saat 11:00-da başlayacaq.