AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Qarabağ” – "Gelfe” matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşılaşma sizdə hansı təəssüratlar yaratdı? 

- Əla oyun oldu. Bu cür oyun nümayiş etdirdikləri üçün "Qarabağ”a "çox sağ ol” deyirəm. Fikrimcə, çox qol vura bilərdik. Amma alınmadı.

- Avrokuboklarda cəmi bir komandamız qalıb. "Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanırsınızmı? 

- İnamsız yaşamaq olmaz. Gərək, hər zaman inanasan. 

- 1 həftə sonra İsveçdə keçiriləcək cavab matçını izləməyi düşünürsünüzmü? 

- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ancaq əminəm ki, Qurban Qurbanov bizi səfərdəki oyunda da qələbəylə sevindirəcək. Bu oyuna əsaslanıb deyə bilərəm ki, komandamız səfərdə də özünü yaxşı tərəfdən göstərəcək. 

- Yığmanın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində klubdakı həmkarlarının ondan incidiyini deyib... 

- Normal fikirdir. Siz niyə belə hay-küy salmısız? Hələ qarşıda 3 rəsmi oyunumuz var. Həmin görüşlər keçirilməli, baş məşqçi müqaviləsinin sonuna qədər işini yerinə yetirməlidir. Hara tələsirsiniz? Siz insanı oyunqabağı həvəsdən salırsınız.

- Foqts 5 il ərzində gördüyü işləri 3 oyunla dəyişəcək?

- 5 il ərzində nə iş görməli idi? Əvvəllər maksimum 5 xal toplamağımıza görə sevinirdik. Onun başçılığı altında yığma qrup oyunlarındakı xallarının sayını 7-yə yüksəltdi. Halbuki, 20 ildə ən yaxşı göstəricimiz 5 xal idi. 

- "Qarabağ”ın heyətində yaxşı oyununa görə adını xüsusi qeyd etmək istədiyiniz futbolçu varmı? 

- Hamısı yaxşı oynadı. Bu cür oyunu səfərdə də nümayiş etdirsələr, qələbə qazanacağıq.