Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.
Mia.az xəbər verir ki, yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün keçirilən silsilə tədbirlər davam edir.
Növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti ilə Dənizkənarı Bulvar idarəsinin birlikdə təşkilatçılığı ilə uşaqlar üçün Xəzər dənizində gəmi gəzintisi təşkil olunub.
Dəniz səyahətində rayon məktəblərinin təhsildə və idmanda fərqlənən,şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil edilib.
Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olmuşdur.
Nəsimi rayon İcra Hakimiyyətinin və Dənizkənarı Bulvar idarəsinin əməkdaşları uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işləri qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışmışdır.
Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər. Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.