Avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Komitədən Mia.az-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Diqqətə çatdırılıb ki, qəbula gəlmiş vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həllini tapacaq.