Bakı-Sumqayıt yolunun, "Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Ərazidə qazıntı işlərinin aparılmasına iyul ayının 29-da start veriləcək və bu barədə artıq Bakı şəhəri, Binəqədi, Nəsimi rayonları icra hakimiyyətləri, eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi də rəsmi şəkildə məlumatlandırılıb.