Saleh Məmmədov, Professor
***
Təqaüd proqramının izahatına görə "Yazdır” səhifəsinin adminlərinə təşəkkür edirəm, çox vacib informasiyadı. Bir neçə məqamlara toxunmaq istəyirəm:
1. İnkişaf etmiş ölkələrin (o cümlədən Aİ, ABŞ və digərləri) ikinci və üçüncü qrup ölkələrinin sürətli inkişafı üçün bir sıra öhdəlikləri var, həm təhsildə, aclıqla mübarizədə, qaçqın və miqrasiya problemlərinin həllində, ekoloji və içməli su məsələrində bu ölkələr dünyaya yardım göstərirlər. Ən vacib yardım isə zəif inkişaf edən ölkələrdə təhsilin inkişafına yönəldilir.
2. Təəssüflər olsun ki, Azərbaycan inkişaf etməkdə olan ölkə kimi bu imkanlardan lazımi səviyyədə yararlana bilmir və əksəriyyət ölkələrdən geri qalır. Bu sahədə bütün inkişaf etmiş ölkələr hər il stipendiya (schoolarship) proqramları elan edir, həmçinin minlərlə universitetlər, özəl fondlar və şirkətlər də müvafiq proqramlarlə çıxış edirlər. Azərbaycanlı tələbələrin bu proqramlarda iştirakı çox zəifdi (baxmayaraq ki, əksəriyyət proqramlara Azərbaycanın icazəsi var). Səbəb həm məlumatsızlıq və həm də təşkilatlanmanın zəif olmasıdı. Son vaxtlar Təhsil nazirliyi bir sıra tədbirlər keçirir, amma zənnimcə bu böyük potensialdan istifadə üçün çox daha böyük işlər görülməlidir.
3. Bu məqsədlə xüsusi qərarın qəbul olunmasına və geniş təşkilatlanmaya ehtiyac var:
- bütün dövlət universitetlərində stipendiya proqramları üzrə xarici univetsitetlərə qəbul üçün hazırlıq kurslarının açılması, virtual və real dərslərin təşkili, bura xaricdən onlayn müəllimlərin cəlb olunması, həm də bütün dərslərin ölkə üzrə hər kəsə çatdırılması üçün sərbəst efirə çıxarılması (FB, Yootube, Google və s vasitəsilə);
- Bakalavr, magistr və doktor tələbələrinin hazırlıq və real oxuma müddətində uçotunun aparılması və buna nəzarətin təşkili, xüsusi proqramın hazırlanması və TH-nin vebsəhifəsində ayrıca səhifənin hazırlanması, bütün tələbələrlə fasiləsiz əlaqələrin təşkili və bütün stipendiya proqramları üzrə gündəlik informasiya yayımı. Hər bir tələbə ölkəsinin təmsilçisi kimi çıxış etməlidir;
- İnkişaf etmiş ölkələrin müvafiq qurumları ilə qarşılıqlı anlaşmaların qəbulu və ölkə daxilində zəruri imtahanların qəbulu icazəsinin və sertifikatının alınması (İelts, Toyful, AST, CMT, SAT vı s);
- Xüsusi stimullaşdırma - mükafatlandırma sisteminin qurulması çox yaxşı olardı. Məsələn birinci onluğa qəbul olan tələbələr üçün 20 min manat, 10-50 reytinqlilərə - 10 min manat, 50-100 cü yeri tutan universitet tələbələrinə 5 min manat mükafat verilə bilər ki, bu da büdcəyə böyük qənaət etməklə bərabər ölkəyə çox lazım olan yüksək ixtisaslı kadrların yetişməsinə kömək edə bilər. Harvard və ya MİT-də bir tələbənin illik təhsil (yaşayışla birlikdə) xərcləri 80-100 min dollara çatır. Büdcədən hər tələbənin təhsili üçün 360-400 min dollara qənat edən tələbə üçün 20 min manat mükafat çox cüzi məbləğdi, amma onun səmərəsi on milyonlarla ölçüləcəkdi.
Təqribi hesablamalar göstərir ki, bu minvalla 2015-ci ilə qədər dövlət proqramı üzrə xaricdə kadr hazırlığından da xeyli çox mütəxəssis hazırlamaq olar və büdcəyə yüz milyonlarla qənaət etmək olar.