Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA Genetik Ehtiyatlar İnstitutundan Mia.az-a verilən məlumata görə, beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən ETAXİ ilə GEİ arasında Vərəm xəstəliyinin və ağciyərlərin digər infeksion və qeyri-infeksion xəstəliklərin genetik əsaslarının öyrənilməsi, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliklərin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatların və kadr hazırlığının aparılması, elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, seminarların, elmi-praktik konfransların təşkil edilməsi nəzərdə tutulub.
Müqavilə AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Respublikası SN ETAXİ-nin direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanıb.