Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər bu gün sərbəst buraxılacaq.
Bu barədə "Report"un Rusiya bürosuna açıqlamasında hüquqşünas Ələkbər Qarayev məlumat verib.
"Hazırda biri Azərbaycan vətəndaşı olmaqla, 5 nəfər saxlanılıb. Onlar da bu gün məhkəmədən sonra sərbəst buraxılacaqlar", - deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlarla bəzədilmiş avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanılaraq polis bölməsinə aparılıblar.