Goranboyda vətəndaş banka olan ABŞ valyutası ilə kredit borcunu ödəmədiyi üçün həbs edilib.
Mia.az xəbər verir ki, bu barədə movqe.az-a borca görə həbs olunan Goranboy rayonunun Boruslu kənd sakini Həsənov Mail Qələndər oğlunun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Mail Həsənov "Azərkredit" MMC-nin Goranboy rayon filialından 1500 ABŞ valyutası məbləğində kredit götürüb.
Kreditin 5 ayını ödəsə də devalivasiyadan sonra ABŞ valyutasının məzənnəsi dəyişdiyindən borcunun yerdə qalanını ödəyə bilməyib. Buna görə "Azərkredit" MMC tərəfindən məhkəməyə verilən Mail Həsənov barəsində krediti ödəməsi barədə qərar qəbul edilsə də, o kredit borcu ABŞ valyutasının yeni məzənnəsi ilə hesablandığından borcunu ödəyə bilməyib. Mail Həsənov bu gün rayon icra məmuru tərəfindən həbs olunub. Amma vətəndaş həbsi barədə məhkəmə qərarının ona göstərilmədiyini iddia edir.
