"Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb”.

Bu barədə modern.az-a Abşeron rayonu Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb:

"Bizdə olan məlumata görə, bələdiyyə barelyefin yerini dəyişmək məqsədilə onu çıxarıb. Oğurluq faktı ilə bağlı heç bir şikayət, məlumat idarəmizə daxil olmayıb”.

Modern.az-ın əməkdaşı mövzu ilə əlaqədar Novxanı bələdiyyəsinin rəhbərliyilə danışmaq istəsə də, buna nail ola bilməyib. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək ki, yanvarın 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi oğurlanıb. Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Bundan əvvəl, Novxanı kəndinin keçmiş icra nümayəndəsi oğurluq faktını təsdiqləmişdi.