Bakının Binə qəsəbəsində dünən baş vermiş ağır qəzada yaralananlardan 3 nəfəri əməliyyata götürülüb.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O qeyd edib ki, yaralılar Sabunçu xəstəxanasında, Klinik Tibbi Mərkəzdə, Travmatologiya İnstitutunda müalicə alırlar:
"Sabunçu xəstxanasında 12 nəfər yaralı müalicə alır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 2 nəfərin vəziyyəti ağırdır. Reanimasiyada olmayanlardan 5 nəfər böyük, 2 nəfər uşaq Travmatologiya şöbəsində müalicə alır. Həmçinin, 3 nəfərin üzərində əməliyyat icra olunub”.
S.Əhmədovanın sözlərinə görə, Klinik Tibbi Mərkəzə 6 yaralı müraciət edib:
"Onlardan 2 nəfərinə yerində yardım göstərilib, 4 nəfərin müalicəsi davam etdirilir. Qalan 4 nəfərdən 1-nin vəziyyəti ağırdır, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Digər 2 nəfərin isə vəziyyəti kafidir”.
Nazirlik rəsmisi deyib ki, Travmatologiya İnstitutuna 3 nəfər müraciət edib:
"Onlardan 1-nə ambulator yardım göstərilib və evə buraxılıb. Digər 2 nəfərdən biri kişi, biri qadındır. Kişinin çiyinlərində qırıqlar var, əməliyyat olunacaq. Qadının vəziyyəti kafidir”.
Qeyd edək ki, oktyabrın 1-də 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.
Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 35 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.